Bir səfirin ”Qarabağ dərdi”

 

Artıq on günə yaxındır ki, ölkəmizin Avstraliyadakı səfiri Rövşən Cəmşidov və mühasib Araz Xasıyevin bu ölkədə qanunsuz spirtli içki və siqaret ticarətilə məşğul olması həm ölkə mətbuatında, həm də Avstraliya mediasında geniş müzakirə mövzusudur. Məsələ əslində elə 7 ay əvvəl səfirliyin diplomatı Anar Həsənov tərəfindən ölkə prezidentinə Azərbaycan KİV-lərində müraciətində qaldırılmışdır. İndi isə keçmiş diplomatın qaldırdığı qanunsuzluqlar Avstraliyanın ən nüfuzlu mətbuat orqanı olan Fairfax medianın araşdırma yazısı şəklində “The Canberra Times”-la yanaşı bır sıra qəzetlərdə dərc olunur. Bu yazıda Avstraliya qəzetində yazılmış yazıya R.Cəmşidovun münasibətini təhlil edəcəyik.

İlk münasibət ans press-də yayımlanır

R.Cəmşidov: “Haqqımda yayılan bütün məlumatlar cəfəngiyatdır” deyir. Avstraliya qəzeti isə bildirir ki, Avstraliya Xarici İşlər Nazirliyi və Gömrük Ofisi onların bu “duty-free əməliyyatı”ndan şübhələnərək xüsusi təhqiqat aparıblar. Qanunsuz ticarət Avstraliya rəsmilərinin şübhəsini çəksə də, nəticədə təhqiqatı daha da irəliyə aparmamaq qərarı veriblər. Burada açıq aydın deyilir ki, qanunsuz fəaliyyət aşkarlanıb, amma “diplomatik toxunulmazlıq” cənabların yardımına çatıb.

İndi isə məsələyə diplomatik reallıqla baxaq, səfirin dediyi kimi bu yalandırsa, o zaman Avstraliya hökuməti Azərbaycanın beynəlxalq imicini zədələyir və ölkəmizə böhtan atır. Təbii ki, bu diplomatik qalmaqaldır və dərhal Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Avstraliya Xarici İşlər Nazirliyinə Nota verməlidir. Yox əksinə, səfir yalan danışırsa bu da ölkəmizin reputasiyasına ondan daha ağır zərbədir.

Qarabağın kölgəsində gizlənmək

R.Cəmşidov  öz müdafiəsini qəbuledilməz və hər cür mənəvi dəyərlərdən kənar şəkildə davam etdirir. Xalqımızın mərd övladlarının vətən torpağının hər qarışı üçün canından keçdiyi bir dövrdə, əslən Qarabağlı olan bu şəxs öz qanunsuz əməllərini çəkinmədən “millətin ortaq yarası” ilə ört-basdır etmək istəyir. Dövlətin rəsmi xəbər agentliyi AzərTac-da yayılan 20 aprel tarixli məqaləyə diqqət yetirin: “Avstraliyada yaşayan erməni diaspor təşkilatlarının Dağlıq Qarabağda aprelin əvvəllərində baş vermiş gərginliklə bağlı Azərbaycanın bu ölkədəki səfirliyi qarşısında etiraz aksiyası keçirmək cəhdi uğursuzluğa uğradıqdan sonra bədnam qonşularımız yeni üsula əl atıblar. Belə ki, bu günlərdə Avstraliyanın ermənipərəst qüvvələrinin nəzarəti altında olan qəzetdə Azərbaycanın bu ölkədəki səfirliyinin fəaliyyəti ilə bağlı saxta məlumatlara əsaslanan məqalə dərc etdirilib. ” Gəlin indi 8 aprel tarixli yenə AzərTac-ın yazısını oxuyaq: “Aprelin 8-də Avstraliyada yaşayan ermənilərin Azərbaycanın Kanberradakı səfirliyi qarşısında mitinq keçirmək cəhdi uğursuzluqla nəticələnib. Bu barədə “The Canberra Times” qəzeti məlumat yayıb”. Bununla da, R.Cəmşidov ölkənin ən aparıcı KİV-ni də yalan dərc etməyə, biabırçı vəziyyətə qalmağa vadar edir.

Belə ki, 8 aprel tarixində Azərtac “The Canberra Times” qəzetinə istinad edərək deyir ki, ermənilərin mitinqi uğursuzluqla nəticələnib, lakin 20 aprel tarixində həmin qəzet səfir və mühasibinin içki-siqaret ticarətindən yazanda iddia edir ki, The Canberra Times “ermənipərəst qüvvələrinin nəzarəti altında olan qəzet”dir. Gülməlisi  də odur ki, AzərTac-ın 20 aprel məqaləsinin ilk cümləsi də “The Canberra Times”-a istinadən verilib. Bundan əlavə “The Canberra Times”  qəzeti 2013-cü ildən bəri səfirliklə əməkdaşlıq edən, 20 Yanvar (Azərbaycanın Avstraliyadakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin “The Canberra Times” qəzetində “1990-cı ilin 20 yanvarı: Azərbaycanda qırmızı terrorun qara üzü” adlı məqalə dərc olunub, 20 yanvar 2015, AzərTac ) və Xocalı faciələrini işıqlandıran (Azərbaycanın Avstraliyadakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin aparıcı mətbu orqanlarından biri olan “The Canberra Times” qəzetinin fevralın 25-də nəşr olunmuş nömrəsində Xocalı faciəsi haqda ingilis dilində “Khojaly, a forgotten massacre” (“Xocalı – unudulan qətliam”) adlı məqalə dərc edilib, Kanberra, 25 fevral 2015, AzərTac ), səfirlik haqqında xüsusi yazı hazırlayan yeganə Avstraliya mediasıdır. Dövlətin rəsmi informasiya agentliyi olan Azərtac-ın nə vəziyyətə salındığını görürsünüzmü? Bütün bu məlumatları AzərTac-ın Tokio üzrə xüsusi müxbiri Vüqar Ağayev adından yayımlanır, görəsən bu jurnalist bir günün içində “The Canberra Times” qəzetinin ermənipərəstlikdə necə ittiham edə bilir? Bələ çıxır ki, səfirlik və Azərtac bu zaman kimi ermənilərlə işbirliyi içində olublar. Adam heç olmasa öz yazdıqlarını oxumazmı?

Bütün bunları oxuduqdan sonra təbii olaraq hamıda belə bir sual yaranır, əgər bu qəzet “ermənipərəst qüvvələrin nəzarətində” idisə, niyə səfirlik onlarla əməkdaşlıq edir və onlar bizim haqqımızda müsbət məqalələr dərc edirdi? Yox əgər, qəzet qələmə verdiyiniz kimi deyilsə, niyə öz çirkin əməllərinizi Qarabağ məsələsinin kölgəsində gizlətmək istəyirsiniz? Axı Qarabağ bizim namus davamızdı, axı o hər bır marağın üstündə ən ali qayəmizdi. Bu millətin maraqlarını başqa bir ölkədə qorumaq üçün göndərilmiş bir adam bu qədər necə alçala bilər?

Unutmayın ki, haqlı olduğumuz mübarizəmizdə sizin kimilər bizi haqsız vəziyyətə salır, millətimizi başıaşağı edir. Əmin olun, gec və ya tez ədalət öz yerini tapacaq və siz layiqli cəzanızı alacaqsınız.

Fərid Sübhanverdiyev

Yazı müəllifin şəxsi mövqeyini əks elətdirir

 

 

basta2.com

3 thoughts on “Bir səfirin ”Qarabağ dərdi”

Bir cavab yazın