Qubada “yenidənsökmə” əməliyyatı

“Qubada abadlıq adı altında milyonlarla pul havaya sovrulur. Nərimanabad kəndindən başlayaraq, Quba şəhərinin o başınadək yolu təmir etmişdilər. Yolun kənarına hasar çəkib, onu bahalı nikel borularla bəzəmişdilər. İndi icra başçısı həmin bahalı nikel boruları sökdürüb, onu daş hasarla əvəz edir”.

Bunu redaksiyamıza oxucu Aslan Ramazanov yazıb. Quba rayonun Nərimanabad kəndində yaşayan şikayətçi həmin bahalı nikel boruların hara aparıldığı haqda heç kimə məlumat verilmədiyini bildirib.

“Nərimanabad kəndində normal bir məktəb belə yoxdur. Pulu belə israf etməkdənsə kənd üçün bir balaca məktəb tikə bilərdilər. Yolun iki tərəfindəki bu hasarın kilometrlərlə uzunluğu var, bahalı nikel borular üçün milyonlarla pul xərclənmişdi. İndi onu söküb, daş hasar hörürlər, nikel boruları isə yəqin ki, öz imarətlərində istifadə edirlər “, – şikayətçi yazıb.

Aslan Ramazanov redaksiyamıza sökülməkdə olan hasarın fotoşəkillərini də göndərib.

Kamran, basta2.com

 

Bir cavab yazın