Müsavat hakimiyyətin mətbuatı total nəzarətə götürməsini pislədi

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Müsavat Partiyasının Divanı partiyanın başqanı Arif Hacılıya dayısı Abdulvahid Ömərovun vəfatı ilə bağlı başsağlığı verib.

Görülən işlər və qərarların icrası barədə Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının ümumi məlumatı dinlənilib. Daha sonra Müsavat Partiyasının Balakən, Xəzər və Nəsimi rayon təşkilatlarının keçirdiyi ümumi yığncaqlarla bağlı başqan müavini Fərəc Kərimli və Divan üzvü İkram İsrafilin məlumatları dinlənilib. Keçirilən toplantılar Divan tərəfindən yüksək qiymətləndirilib.

Başqan müavini Yadigar Sadıqlının Milli Siyasət komissiyasının sədri kimi gördüyü işlərlə bağlı məlumatı dinlənilib. Görülən işlər Divan tərəfindən təqdir edilib, bu istiqamətdə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Başqan müşaviri Dadaş Əhmədlinin Ağcabədi rayon təşkilatının Şura iclası haqqında məlumatı dinlənilib.

Başqan müavini Tofiq Yaqublu həbsdə olan Rüfət Səfərovun Şirvan şəhərində keçirilən apellyasiya məhkəməsində iştirakı barədə məlumat verib. Divan məhkəmə prosesinin ədalətli olmadığını, qərəzli keçirildiyini qeyd edərək Rüfət Səfərov da daxil olmaqla bütün siyasi məhbusların dərhal azad olunmasını tələb edir.

Divan Biləsuvarda məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlərin sosial tələblərlə keçirdikləri dinc etiraz aksiyasının iğtişaşa çevrilməsinin məsuliyyətinin hakimiyyətdə olduğunu bildirərək, baş verənlərin ədalətli araşdırılmasını, günahsız həbs olunanların azad olunmasını tələb edir.

Yeni Azərbaycan Partiyasının və Milli Məclisin İnsan hüquqları komissiyasının üzvü deputat Astan Şahverdiyevin topluma yönəlik işlətdiyi aşağılayıcı ifadələrə və təhqirlərə görə sadəcə onun deyil, hakimiyyətin də xalqdan üzr istəməsini zəruri hesab edib.

Müsavat Divanı Fuad Qəhrəmanlı, Taleh Bağırzadə və başqalarının işi üzrə keçirilən məhkəmə araşdırmasını ədalətli hesab etməyərək, açıq pozuntularla keçirilən proses zamanı ittihamların sübut olunmadığını vurğulayaraq, prokurorluğun ağır cəza istəməsini pisləyib.

Divan hakimiyyət tərəfindən mətbuatın total nəzarətə götürülməsindən sonra “Meydan TV” və “Azadlıq” radiosunun saytlarına girişi əngəlləməsini internet azadlığının pozulması kimi qiymətləndirib. Hakimiyyəti bu cür davranışlardan çəkinməyə səsləyib.

2016-cı ilin əvvəlində ölkə başçısı İlham Əliyevin dərin iqtisadi islahatlar vəd etdiyini, lakin gerçəklikdə heç bir islahatların həyata keçirilmədiyini qeyd edən Divan belə fəaliyyətsizliyin ölkənin iqtisadi durumuna adekvat olmadığını bildirib, vəziyyəti dəyişməkdən ötrü hakimiyyətdən zəruri addımlar atmasını, ölkədə köklü sosial-iqtisadi islahatların keçirilməsini tələb edib.

Sonda cari məsələlərə baxılıb.

 

basta2.com