Müsavat başqanı Yusif Mehdini təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Yusif Mehdini 65 yaşının tamam olması münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Yusif bəy! Sizi doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram. Siz ilk gündən Milli Azadlıq Hərakatına qoşulmuş, Azərbaycanın istiqlalı və azadlığı, uğrunda gedən mübarizənin ən fəal iştirakçılarından, regional liderlərindən biri olmusunuz. Xalq Hərakatı zamanı AXC-nın Biləsuvar şöbəsinin yaradıcılarından biri olaraq siyasi fəaliyyətinizdə və özəl həyatınızda vicdanlılıq, cəsarət, vətənpərvərlik, səmimiyyət, fədakarlıq, və ziyalılıq nümunəsi göstərmisiniz. 1992-93-cü illərdə, Milli hakimiyət dövründə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı olaraq ən layiqli, bacarıqlı vəzifə adamı kimi əhalinin xidmətində durdunuz, xalqımıza vicdanla xidmət etdiniz. Sonrakı illərdə Müsavat Partiyası Biləsuvar rayonu bərpa bürosunun üzvü kimi partiyanın Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, azad seçki və digər azadlıqların təmin olunması uğrunda apardığı mübarizədə fəal iştirak etmisiniz. Siz uzun müddət Müsavat Partiyası Biləsuvar rayon təşkilatının sədri olaraq rayon təşkilatının və partiyanın güclənməsində qərarlarının icrasında, Müsavat ideologiyasının təbliğində, sıralarımızın artırılması, fəaliyyətimizin genişləndirilməsi üçün ciddi işlər görmüsünüz. Belə fəaliyyətiniz bu gün də davam edir. Əqidəyə sədaqətiniz, prinsipiallığınız və işgüzarlığınız Sizə böyük etimad qazandırıb. Siz həm də uzun müddət pedoqoji fəaliyyətlə məşğul olmusunuz, şərəfli pedoqoji fəaliyyətiniz dövründə, direktor müavini, direktor vəzifələrində çalışmış, bu gün də müəllim kimi bu şərəfli peşənin öhdəsindən layiqincə gəlirsiniz. Çalışdığınız hər sahədə işinizə vicdanlı münasibətiniz, eyni zamanda fəal həyat mövqeyiniz cəmiyyətdə və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb. Əminəm ki, bizim Sizinlə qürur duyduğumuz kimi övladlarınız, yaxınlarınız, Sizi tanıyan hər kəs, Sizinlə daim qürur duyacaq.

Hörmətli Yusif bəy!

Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, peşə fəaliyyətinizdə və apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram”.