Terrorçunun şəxsiyyəti müəyyən edildi – 27 nəfər saxlanıldı

İzmirdə qırğız və uyğur kökənli 27 nəfər saxlanıldı

İstanbulda gecə klubuna hücum edənin kimliyi məlum olub.

Bunu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu «Anadolu» agentliyinə müsahibəsində deyib. Nazir şübhəlinin adını açıqlamayıb, onun axtarışda olduğunu söyləyib.

«Doğan» xəbər agentliyi isə bu gün-yanvarın 4-də türk polisinin İzmirdə əməliyyat apardığını, qırğız və uyğur kökənli 3 ailəyə aid 27 nəfərin, o cümlədən uşaqların saxlanıldığını yazır.

“Hürriyet” qəzetinin yazdığına görə, terrorda şübhəli bilinən şəxsin həyat yoldaşı bundan əvvəlki ifadəsində saxta pasportla ölkəyə girən ərinin adını səhv deyib. Ehtimal olunur ki, polisin səhvən terrora aidiyyatı olmayan Yahye Maşrapov adlı Qırğızıstan vətəndaşını saxlaması da bunun nəticəsi olub.

Yanvarın 1-də İstanbulda gecə klubuna hücum edən şəxs camaatı güllələyib, 39 nəfəri öldürüb, 70 yaralı var.

Hadisəyə görə məsuliyyəti  İŞİD  üzərinə götürüb.