Britaniya mətbuatı: “Trump dosyesini yazan” Britaniya casusu gizlənib

“Trump dosyesini yazan” Britaniya casusu gizlənib

“The Daily Telegraph” yazır ki, Donald Trump barədə ifşaedici dosyeni tərtib etmiş keçmiş MI6 zabiti onun kimliyi ABŞ-da açıqlandıqdan sonra “həyatnın təhlükədə olmasından narahatdır”.

Məqalədə deyilir ki, adının tezliklə açıqlanacağını hiss edən 52 yaşlı Christopher Steele Surreydəki evindən qaçıb.

Cənab Steele-ə yaxın çevrələrdən mətbuata bildirilib ki, keçmiş casus Moskvanın intiqamından qorxur.

“The Telegraph” yazır ki, Kremlin ABŞ seçkisində Trump-ın qalib gəlməsi üçün seçkini təsirləndirdiyini iddia edən 35 səhifəlik sənədi hazırlamış cənab Steele Londonda mənzillənmiş Orbis Business Intelligence Ltd firmasının həmtəsisçilərindən biridir.

Bu sənəddə iddia edilir ki, Rusiyanın təhlükəsizlik xidmətləri Trump-ı şantaj etmək üçün materiala malikdirlər. İddialardan biri də budur ki, Trump Moskva mehmanxanasında Barack və Michelle Obama-nın yatdığı çarpayını “murdarlamaları” üçün fahişələrə pul ödəyib.

“The Telegraph” yazır ki, britaniyalının araşdırmalarını əvvəlcə anti-Trump respublikaçılar, sonradan isə demokratlar maliyyələşdiriblər.

Cənab Trump dosyedəki iddiaları “saxta” adlandırıb.

Məqalədə deyilir ki, 1990-cı illərdə Moskvada Britaniyanın Məxfi Kəşfiyyat Xidməti üçün casusluq etmiş Steele Surreydəki evini tələm-tələs tərk etməzdən əvvəl pişiyini qonşusuna tapşırıb və “bir neçə günə” qayıdacağını deyib. Onun arvadının və uşaqlarının da evdə olmadıqları xəbər verilir.

“The Telegraph” yazır ki, keçmiş casus Moskvadakı mənbələrindən Trump-ın Kremllə əlaqələri barədə yığdığı məlumatları jurnalistlərlə paylaşmaqla təhlükəli oyuna girib.

Məqalədə deyilir ki, bir neçə məruzədən ibarət toplam 35 səhifəlik bu dosyenin mövcudluğu ABŞ jurnalistlərinə son 6 ay ərzində sirr deyildi, lakin FTB tərəfindən Obama və Trump-a təqdim olunmuş iki səhifəlik icmalın bu sənəddən çıxarış olduğu bilindikdən sonra dosye əhəmiyyət kəsb edib. Bu barədə məlumatı ilk dəfə olaraq CNN vermişdi. Bu məlumatda bildirilirdi ki, dosye keçmiş Britaniya casusu tərəfindən tərtib edilib.

“The Telegraph” yazır ki, bəzi məlumatlara görə cənab Steele 20 il müddətində MI6 üçün Moskvada casus materialları toplayıb.

2009-cu ildə MI6-dakı xidmətini başa çatdırdıqdan sonra cənab Steele özünün biznes partnyoru Christopher Burrows-la Orbis Business Intelligence Ltd firmasını qurub.

Şirkətin internet saytında deyilir ki, firma “Britaniya kəşfiyyatının keçmiş peşəkarları” tərəfindən yaradılıb.

58 yaşlı cənab Burrows Orbisin sözü gedən dosyeni tərtib edib-etməməsi barədə xəbəri nə təsdiq, nə də təkzib edib.

Cənab Trump özünün New York-dakı Trump Tower iqamətgahında keçirilən ilk mətbuat konfransında media üzərinə hücumu ilə yadda qalıb. O CNN-i “saxtakar”, Buzzfeed saytını “zir-zibil qalağı”, BBC-ni isə “daha bir gözəlçə” adlandırıb.

Bununla yanaşı Donald Trump müxbirlərin onun Moskva ilə maliyyə və başqa sövdələşmələrinə dair sualını cavabsız buraxıb.

BBC

basta2.com