Jurnalistlərimizin xarici siyasətə qurban verilməsinə Müsavat başqanından ETİRAZ

“İlham Əliyev deyirdi ki, biz siyasətimizi özümüz müəyyənləşdiririk, heç kəsdən çəkinmirik, heç kəs bizə diqtə edə bilməz.

Belədirsə, Ərdoğanın siyasətini tənqid edən gənclərin həbs edilməsi, əməkdaşı Güləndən müsahibə aldığı üçün televiziya kanalının bağlanması, Lavrova sual verən jurnalistin işdən çıxarılması, rəsmi mətbuatda İran, Bəşər Əsəd rejimlərinin tənqidinə qadağa qoyulması nə deməkdir?”

Bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

“Bu sualları İlham Əliyevə birbaşa ünvanlamaq cəsarətində olan jurnalistlərimiz var. Nə yazıq ki, yerli jurnalistlərə müsahibə verməyi özünə yaraşdırmayan dövlət başçısı olan bir ölkədə yaşayırıq.” – Arif Hacılı bildirib.

Qeyd edək ki, 4 gün öncə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova gözlənilməz sual verərək, onun “Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil”, – deyə cavab verməsinə səbəb olmuş jurnalist Anar Həsənovun bu hərəkəti bəzi dairələrdə narahatlıqla qarşılanıb və nəticədə jurnalist işdən qovulub. 

basta2.com