General Mehmandarovun Bakıda səssiz ölən oğlu – İqor Mehmandarovdan qalan yeganə nişanə kimdir… – FOTOLAR

Bu gün – iyunun 26-da Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir… Azərbaycan ordusunun Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları olub. Görəsən onların nəslindən və ya yaxınlarından kimlərinsə varlığı ilə maraqlananlar olubmu? Axı bu insanlar ordumuzun  təməl daşlarını qoyublar…

“Onların adını çox vaxt qorxa-qorxa çəkmişik”

Azərbaycan generelları ilə bağlı silsilə araşdırmalar aparmış tədqiqatçı jurnalist Şəmistan Nəzərli Modern.az əməkdaşı ilə söhbəti zamanı qeyd edib ki, həmin insanların nəslindən yalnız Səməd bəy Mehmandarovun gəlini sağ qalıb. Qalan generallar güllələndiyi üçün heç bir məlumat yoxdur.

Hətta Səməd bəyin oğlu ilə görüşmək tədqiqatçı jurnalistə nəsib olub. Şəmistan Nəzərli Səməd bəy Mehmandarov və onun övladı haqqında bizimlə maraqlı məlumatlar bölüşüb:

“Bir hərbi xadim kimi Səməd bəyin xidmətləri əvvəzsizdir. Hərbi sərkərdə kimi, rus hərb tarixçiləri və yazıçıları onun artilleriya sahəsindəki böyük nüfuzundan, istedadından iftixarla yazıblar. Özümüzdə isə inqilabdan əvvəlki generallarımızdan söz düşəndə, ən az məlumata malik adam belə, Şıxlinskinin və Mehmandarovun adını çəkə bilir. Etiraf etməliyik ki, son illərə qədər hər bir azərbaycanlının tanıdığı yalnız bu iki əfsanəvi general olub. Təəssüf ki, onların da adını çox vaxt qorxa-qorxa çəkmişik. Rəsmi dairələrdə isə onların adının yanında həmişə bir neçə ağ ləkə olub: “Çar generalıdı”, “Müsavatın hərbiyyə naziri olub”, “bəy nəslinin nümayəndələri”dir və s. Bu minvalla, yersiz damğalarla görkəmli sərkərdələrimizi unutmuşuq, lap az tədqiq etmişik. Amma qonşularımız praporşik rütbəsində olan oğlunu elə tərifləyir, haqqında o qədər yazır ki, az qala gözündə generaldan da uca olur.

Halbuki, yadların fəxrlə söhbət açdığı bu iki generalımız Port-Arturda yaponlara, Birinci Dünya Müharibəsində almanlara qarşı vuruşaraq, ulu babalarımızdan gələn döyüş ənənələrini bütün dünyaya yayıblar. Birinə “Artilleriyanın allahı” fəxri adı, o birinə isə “Müqəddəs Georgi ordeni”nin bütün dörd dərəcəsi verilib. Böyük imperiyanın minlərlə generalları arasında onların da öz yeri olub”.

“Siz yaxşı valideyn seçməmisiniz, nazirin oğlu olmusunuz”


Şəmistan Nəzərli 1985-ci ildən başlayaraq Səməd bəy Mehmandarovun yeganə övladı İqorla görüşməyə başlayıb. Onun sözlərinə görə mərhum prezident Heydər Əliyev İqor Mehmandarovu Bakıya dəvət edib. Elə həmin vaxtdan o, həyat yoldaşı İza Polagina ilə birlikdə Bakıda yaşamağa başlayıb. İqor Mehmandarov Azərbaycan xalqından yaman incik imiş:
“Mən İqorla görüşməyə başlayanda televiziyada işləyirdim. Ona təklif etdim ki, televiziyaya çıxsın, xalq onu tanısın, amma istəmədi. Həmin vaxt əksəriyyət bilmirdi ki, Səməd bəy Mehmandarovun  oğlu var. İnsanlardan gizlənməyinin səbəbini soruşanda isə bildirdi ki, o vaxt atasına əzab veriblər.  Halbuki, Səməd bəy Mehmandarova bolşeviklər əzab verib, azərbaycanlıların günahı yoxdur. İqor rusdilli biri idi, Azərbaycan dilini bilmirdi. Onun əsl adı Pir idi. Səməd bəy Mehmandarov Varşavada olan zaman İslam dini ilə məşğul  olurdu. Allah ona çox gec, 1907-ci ildə oğlan övladı nəsib etdi. Ondan başqa heç bir övladı olmayıb. Ona görə də həmin vaxt adını Pir qoymuşdu. Pir qeyri-adi tapıntı  anlamına  gəldiyi üçün Səməd bəy sevincindən oğluna bu adı verib. Daha sonra Səməd bəy həyat yoldaşı Yelizaveta Nikolayevna Teslavın Kiyev zadəgan ailəsindən olduğunu nəzərəa alaraq, uşağın adını dəyişib İqor Samedoviç Mehmandarov yazdırıb.

İqorun əslində Azərbaycana olan sevgisi böyük idi.  Bilirsiniz, bir tərəfdən o da haqlıydı. Çünki atasını sürgün etmişdilər. Onunla  həmsöhbət olduğum zaman  deyirdi ki, “NKVD işçiləri anamı da, məni də tez-tez döyürdülər. Biz  bu cür münasibətin səbəbini soruşanda bildirirdilər ki, siz yaxşı valideyn seçməmisiniz, nazirin oğlu olmusunuz”.

Səməd bəyin həyat yoldaşı və oğlu əvvəlcə Kalininqrada, daha sonra müharibə başlayan zaman qatarla Sibir tərəfə sürgünə göndəriliblər. Həmin vaxt qatara qəfildən almanlar hücum edib. Mehmandarovun həyat yoldaşı yaralanıb həlak olsa da, İqor sağ qalıb.

İqorla görüşdüyümüz zaman atası Səməd bəy haqqında heç nə danışa bilmədi. Çünki atasını itirən zaman  hələ uşaq idi. Xatirində onunla bağlı nəsə qalmamışdı”.

Tədqiqatçı jurnalist bildirir ki, Səməd bəy Mehmandarov gəlini İza Polagina ilə heç vaxt tanış ola bilməyib. İqorun İza ilə izdivacı ikinci evliliyi idi. Onun ölümündən sonra İza hələ də Bakıda yaşayır. Ş.Nəzərlinin sözlərinə görə, İza Polaginanın yaşadığı evi Heydər Əliyev onlara bağışlamışdı:

“İndi o evdə İqorun həyat yoldaşı İza Polagina yaşayır”

“İza qoca qadındır, təxminən 90 yaşlarındadır. Səməd bəyin oğlu  Azərbaycan xalqından incik olsa da, Heydər Əliyevdən razı idi. Heydər Əliyev onu Kalininqraddan gətirib  ev vermişdi. İndi o evdə İqorun həyat yoldaşı İza xanım yaşayır. Onların övladı olmayıb. Səməd bəyin gəlininin atası da general olub. Hələ Heydər Əliyev onları bura gətirib mənzillə təmin edən zaman heç kimin onlardan xəbəri yox idi. İqor 1989-cu ilin avqust ayında vəfat edib. Məzarı Yasamal qəbirstanlığındadır”.

Modern.az