Tramp Van Qoqun əsərini istədi, ona qızıl unitaz təklif elədilər

Ağ ev prezident Donald Tramp və xanımı Melanianın otaqları üçün Vincent Van Qoqun əsərini kirayə götürmək istəyib. Nyu Yorkdakı Guggenheim muzeyinin baş kuratoru isə yazdığı cavab məktubunda nəzakətli, amma qəti şəkildə bildirib ki, muzey bu xahişi yerinə yetirə bilməz. Bu haqda “The Washington Post” qəzetində Paul Schwartzman yazır.

Ağ ev Van Qoqun 1888-ci ildə yaratdığı “Qar mənzərəsi”ni istəyibmiş. Kurator Nancy Spectoruun təklif etdiyi alternativ isə budur: 18 karatlıq, tam işlək vəziyyətdə olan qızıl unitaz. “Amerika” adlı bu interaktiv eksponatı tənqidçilər bu ölkədə aşırı sərvəti hədəfləyən satira adlandırırlar.

UZUNMÜDDƏTLİ KREDİTƏ…

Guggenheim bir il ərzində müasir incəsənət təmsilçisi Maurizio Kattelanın bu əsərini ictimai tualetdə sərgiləyib, muzeyin beşinci mərtəbəsində yerləşən tualetdə ziyarətçilər ondan yararlana biliblər.

Sərgi bitib və “prezidentlə birinci ledi onu Ağ evdə quraşdırmaqda maraqlıdırlarsa, bu, mümkündür”, – Spectorun yazdığı emaili “The Washington Post” əldə edib. Kuratorun sözlərinə görə, “sənətkar bu unitazı Ağ evə uzunmüddətli kredit qarşılığında təklif edə bilər. Əlbəttə, bu, çox dəyərli, həm də kövrək bir əşyadır, amma quraşdırılması və baxımı üçün bütün təlimatları verə bilərik”.

Qeyd edək ki, əsərin müəllifi Trampın tənqidçilərindən sayılır.

Guqenheimin sözçüsü Sarah Eaton Spectorun həmin elektron məktubu sentyabrın 15-də yazdığını təsdiqləyib. Məktub Ağ evin Kurasiya İdarəsindən Donna Hayashi Smithə göndərilibmiş.

Qəzet Ağ evdən məsələyə münasibət ala bilməyib.

Kattelan isə unitazla bağlı sualları muzeyə ünvanlanmağı məsləhət görüb, rişxəndlə gülərək, “bu, çox incə məsələdir” deyib.

QIZIL UNİTAZIN MƏNASI

Əsərinin mənası, onu niyə Tramplara təklif etməsinə gəlincə, o deyib:

Həyatımızın mənası nədir? Biz ölənədək hər şey absurd görünür, sonradan məna kəsb edir”.

O, qızıl unitazın dəyərini açıqlamayıb, amma onun 1 milyon dollardan artıq qiyməti olduğu bildirilir.

Müəllif yazır ki, prezidentlərin və birinci xanımların Oval ofisin bəzədilməsi üçün böyük əsərlər kirayələməsi adi haldır. Kennedilər The Smithsonian muzeylər kompleksindən Eugène Delacroixa məxsus əsər kirayələmişdilər. Obama ailəsi abstrakt əsərlərə üstünlük verirdi, Mark Rothko və Jasper Johnsdan seçim etmişdilər.

Müəllifin fikrincə, prezident Trampın daha öncə rezidensiyalarında, hətta təyyarəsində qızılı işləmələrə üstünlük verdiyini nəzərə alanda, gərək ki, bu unitazı da dəyərləndirsin. Amma bir məsələdə də var ki, prezident özünü vasvası sayır, onun 18 karatlıq olmasına baxmayaraq, işlənmiş unitazı qəbul edib-etməyəcəyi sualı açıq qalır.

Kattelanın əsəri 2016-cı ildə sərgiyə çıxarılanda böyük səs-küy doğurub. O, əsərinin yozumunu izləyicilərə buraxsa da, ideyanın cəmiyyətin canına işləyən sərvətlə bağlı olduğunu dilə gətirib. Sənətkar qızıl unitazı “99 faiz üçün 1 faiz incəsənət” adlandırıb.

Nə yeyirsən ye, 200 dollarlıq nahar elə, ya da 2 dollarlıq hot-doqla keçin, sonuc eynidir, tualetə gedirsən”, – o deyib.

 

AzadlıqRadiosu