100-dən çox hakim məhkəmə sistemindən uzaqlaşdırılıb

Məhkəmə-Hüquq Şurasının qərarları ilə 100-dən çox hakim vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırılıb.

Ağstafa rayonunda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı keçirilmiş zona müşavirəsində ədliyyə naziri Fikrət Məmmədov belə deyib. Ədliyyə Nazirliyinin məlumatına görə, sentyabrın 24-də keçirilən müşavirədə Gəncə Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına daxil olan bölgənin birinci instansiya məhkəmələri sədrləri və hakimləri, aidiyyəti qurumların məsul işçiləri iştirak ediblər.

F.Məmmədov çıxışında korrupsiya hüquqpozmalarına görə 35 hakimin ciddi intizam məsuliyyətinə cəlb edildiyini ifadə edib. Qeyd olunan tədbirlərin hansı zaman kəsiyində həyata keçirildiyini açıqlamayan nazirin sözlərinə görə, hazırda 80-dək hakimin fəaliyyətinin prinsipial qiymətləndirilməsi aparılır. Yaxınlarda 100-dən çox hakimliyə namizədin təyinatı nəzərdə tutulur.

Azərbaycanda hakimlərin şəffaf seçim qaydasının müəyyən olunmasından, hakim korpusunun 60 faizinin təzələnməsindən danışan F.Məmmədov vətəndaşların əsassız get-gələ salınmasından, işlərə baxılmasının süründürülməsindən, bəzi hakimlərin qeyri-etik davranışından bəhs edib. Belə halların insanları narazı saldığını bildirib.

Müşavirədə məhkəmə fəaliyyətində yol verilən nöqsanlar, daxil olan şikayətlər və onları doğuran səbəblərin müzakirə edildiyi bildirilir.