Qarabağda uçan erməni helikopterləri məhv ediləcək

Azərbaycan Silahlı Qüvvələri erməni tərəfinin Azərbaycan mövqelərinə yaxınlaşmağa cəhd göstərən istənilən uçuş vasitəsini neytrallaşdırmağa hazırdır. Bu barədə Ermənistan SQ-nin aviasiyanın iştirakı ilə işğal edilmiş ərazilərdə təlimlər keçirməsi ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

“Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır. Azərbaycanın işğal olunmuş ərazilərində hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə qarşı tərəfin yaydığı məlumat bunun əyani sübutudur”, – Müdafiə Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

“Ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq. Baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”, – bəyanatda deyilir.

Qeyd edək ki, ötən gün erməni tərəfi hərbi vertolyotlar və təyyarələr cəlb edilməklə Qarabağ səmasında təlimlərin keçirildiyini bildirib.