RİQC “Azərbaycan Qadınları: 100 İllik Yol” adlı simpozium keçirdi

Rasional İnkişaf uğrunda Qadınlar cəmiyyəti (RİQC) “Azərbaycan Qadınları: 100 İllik Yoladlı simpozium keçirdi.

25 oktyabr 2018-ci il tarixində Bakıda, Park İnn Oteldə Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin (RİQC) təşkil etdiyi – Azərbaycan Demokratik Respublikasının və Qadınların Səsvermə Hüququnun 100-cü ildönümünə həsr olunmuş – “Azərbaycan Qadınları: 100 İllik Yol” adlı Simpozium keçirildi. 

“Basta”nın məlumatına görə simpoziumun iştirakçıları ölkənin müxtəlif dövlət qurumu və təşkilatlarının nümayəndələri olmaqla yanaşı həm də diplomatik korpus əməkdaşları olublar.

Görünüşə görə dövlət qurumlarının, xarici ölkə səfirliklərinin, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi ADR-in və qadınlara səsvermə hüququnun 100-cü ildönümünü qeyd etməklə qadınların Azərbaycan tarixindəki rolunu, nailiyyətlərini, həmçinin siyasi və iqtisadi iştirakçılıqlarını və ölkə həyatına töhfələrini vurğulamaqdır. Tədbir iştirakçılarının RİQC-in simpoziumuna göstərdiyi diqqət və maraq, tədbirin gedişatındakı çıxışlar, təşkilatın fəaliyyətinin bu istiqamətdə yüksək qiymətləndirməsi hədəf göstərilən mesajın müvəffəqiyyətlə verildiyini sübut etdi.

Tədbirin əvvəlində iştirakçıları salamlayan və giriş nitqi söyləyən RİQC-in sədri Xanım Şəhla İsmayıl RİQC-in 2018-ci il ərzində ADR-in və qadınlara səsvermə hüququnun 100-cü ildönümünə həsr olunan “Azərbaycan Qadınları: 100 İllik Yol” adlı proqramı çərçivəsində həyata keçirilən fəalliyyətləri ilə bağlı qısa məruzə etdi.

Açılış nitqindən sonra RİQC tərəfindən İsveçrə Səfirliyinin dəstəyi ilə hazırlanmış, 1870-ci ildən müasir dövrə qədər qadınların ölkə həyatında rolundan bəhs edən “Dəyişikliklərə Cəsarəti Çatan Cümhuriyyət Qadınları” sənədli filminin treyleri nümayiş etdirildi. Filmin məzmununu əhatə edən treylerdə Azərbaycanda qadınların bütün dövrlərdə təhsil almasından, qız məktəblərinin mövcud olmasından, təhsilə verilən önəmdən, həmçinin qadınların siyasi iştirakçılıqlarından danışılır (filmin linki: https://www.youtube.com/watch?v=nZ8-oPkw3nQ).  

Tədbirin əsas hissəsini fərqli panelistlərin iştirak etdiyi, üç ayrı mövzuya əsaslanan tematik panellər təşkil etdi.

RİQC-in icraçı direktoru Xanım Leyla İskəndərovanın moderatorluğu ilə “Dəyişikliklərə Cəsarəti Çatan Qadınlar” mövzusuna həsr olunan ilk panelin iştirakçıları olan İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz üzrə Regional Direktor Müavini Xanım Simone Haeberli, Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin sədri, yazıçı, araşdırmaçı Xanım Mehriban Vəzir və “BS Media”nın təsisçisi, jurnalist, rejissor Xanım Məlahət Qisuri Zeynallı sənədli film haqqında, həmçinin müasir dövrdə təhsilin rolundan, örnək xanımlardan və Azərbaycan qadınlarının gələcəyindən bəhs etdilər.

Qeyd edək ki, “Dəyişikliklərə Cəsarəti Çatan Cümhuriyyət Qadınları” filiminə maliyyə dəstəyini İsveçrə səfirliyi verib, filmin müəlliflik hüququ RİQC təşkilatına aiddir.

Növbəti mərhələdə “Gənc Qadın Siyasətçilərin Gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilən mentorluq proqramına töhfə verən mentorların və proqramın qalibi olaraq Hollandiyada bir həftəlik təqaüd qazanmış qalib mentinin mükafatlandırılması mərasimi həyata keçirildi.

“Qadınların Siyasi Gücləndirilməsi” adlı növbəti paneldə Niderland Krallığının Azərbaycandakı Səfiri Cənab Onno Kervers, qalib menti Xanım Sevda Hüseynova və Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Xanım Jalə Hacıyeva ADA Universitetinin müəllimi olan Xanım Şəfəq Mehrəliyevanın moderatorluğu ilə Niderland səfirliyinin layihəyə verdikləri töhfə, mentorluq proqramı, Hollandiyada və Azərbaycanda qadınların iştirakçılığı arasındakı fərqlər, qadınların iqtisadi iştirakçılığının önəmi və siyasi iştirakçılığın təşviqi ilə bağlı müzakirələr apardılar.

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) Niderland Krallığının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə “Gənc Qadın Siyasətçilərin Gücləndirilməsi” layihəsini həyata keçirib. RİQC-in sədri Şəhla İsmayıl layihə çərçivəsində 20 gənc qadının təlimlər, mentorluq və təqaüd proqramı vasitəsilə siyasi iştirakçılıqlarının artırılmasına töhfə verildiyini qeyd etdi. İştirakçılar arasından seçilən Sevda Hüseynova 2018-ci ilin oktyabr ayında Hollandiyada bir həftəlik təqaüd imkanı qazanıb.

Bundan sonra tədbirdə 100 illiyə həsr olunmuş “Alov” rəqs qrupunun mövzuya müvafiq hazırladığı rəqs – flaşmob göstərildi, iştirakçılara rəmzi məna daşıyan dibçəklər hədiyyə edildi. “Alov” rəqs qrupunun hazırladığı flaşmob tədbirə xoş əhval-ruhiyyə gətirdi. Rəqs yüz il əvvəl qadınlara verilən səsvermə hüququna nail olmaq üçün mübarizənin önəmini göstərmək məqsədilə rəqqasə qızların qutulara rəmzi bülletenləri atması ilə başladı və rəqqasələrin bütün simpozium iştirakçılarına dibçəklərdə fidanlar paylaması ilə yekunlaşdı.

“Azərbaycanda Qadın Hüquqları sahəsində nailiyyətlər” mövzusunu əhatə edən son paneldə isə RİQC-in sədri Xanım Şəhla İsmayılın moderatorluğu ilə beynəlxalq təşkilatların gender mövzusuna olan maraqları, tarixdə qadınların roluna dair məlumatlar, jurnalistlərin qadınlarla bağlı məsələlərə yanaşması və ölkədə qadın hüquqlarının de-fakto və de-yure vəziyyəti ilə bağlı mövzular müzakirə edildi. Bu panelin müzakirələrinə simpoziumun təşkilinə dəstək verən Alman Marşal Fondunun Regional Əməkdaşlıq üzrə Qara Dəniz Təşkilatının nümayəndəsi Xanım Mehriban Rəhimli, Bakı Dövlət Universitetinin Tarix Elmləri Doktoru Xanım Lətifə Əliyeva və media müsabiqəsinin mükafatçısı jurnalist Xanım Könül Alı öz cavabları ilə töhfə verdilər.

Tədbir Xanım Şəhla İsmayılın bağlanış nitqi ilə yekunlaşdı və tədbirin sonunda RİQC-in 2018-ci il ərzində ADR-in və qadınlara səsvermə hüququnun 100-cü ildönümünə həsr olunan “Azərbaycan Qadınları: 100 İllik Yol” adlı proqramı çərçivəsində həyata keçirilən fəalliyyətləri dəstəkləyən Alman Marşal Fondunun Regional Əməkdaşlıq üzrə Qara Dəniz Təşkilatının, İsveçrənin və Niderland Krallığının Azərbaycandakı Səfirliklərinin nümayəndələri təşəkkür tablosu ilə təltif olundular.

Könül Alı

basta2.com