Hüquqşünaslar: Mariya Butina çox güman casus olduğunu etiraf edəcək

Birləşmiş Ştatlarda Moskvanın xeyrinə casusluq etmək ittihamları əsasında saxlanılan Rusiya casusu Mariya Butinanın prokurorlarla günahını tanımasına dair razılıq əldə etdiyi haqda məlumat verilir.

Butinanın vəkili və onun işi ilə məşğul olan prokurorlar bazar ertəsi federal hakimdən onun irəli sürülən ittihamlarla əlaqədar ifadələrini dəyişə bilməsi məqsədilə bu həftə dinləmə keçirilməsini istəyiblər.

Bu haqda birgə verilmiş bəyanatda bildirilir. Bəyanat Butinanın vəkili və prokurorlar arasında razılığın əldə edilməsindən sonra imzalanıb.

Butinaya qarşı Rusiya hökumətinin göstərişi ilə Moskvanın casusu kimi fəaliyyət göstərmək ittihamları irəli sürülüb.

Mariya Butina ilk olaraq günahsız olduğunu bildirmişdi. Məhkəmə sənədlərinə əsasən, Federal Təhqiqat Bürosu tərəfindən ABŞ Ədliyyə nazirliyində qeydiyyatdan keçməyərək, Rusiya hökumətinin xeyrinə fəaliyyət göstərməkdə ittiham edilən Butina özünü müqəssir tanımaq haqda razılıq əldə edib.

30 yaşlı Butina qeydiyyatdan keçmədən Rusiya hökumətinin agenti kimi qeyri-qanuni fəaliyyət göstərməkdə və Amerikanın Milli Silah Assosiasiyası ilə əlaqə qurmaq məsədilə Rusiyanın ictimai təşkilatından istifadə etməkdə özünü günahkar tanımamışdı.

Onun silah lobbi təşkilatı ilə əlaqələri olan respublikçı Pol Eriksonla münasibətlər qurduğu və onunla yaşadığı iddia edilir. Butinanın həmçinin Vaşinqtonda universitetdə beynəlxalq münasibətlər ixtisası üzrə magistr dərəcəsi aldığı bildirilir.

ABŞ-ın Ədiyyə nazirliyi Butinanın Rusiyanın kəşfiyyat zabitləri ilə əlaqələri olan gizli agent olduğunu bildirir. Ədliyyə nazirliyinin bildirdiyinə görə, Butinanın fəaliyyətinə Rusiya prezidenti Vladimir Putinlə əlaqəsi olduğu deyilən keçmiş Rusiya qanunvericisi tərəfindən nəzarət edilirdi.

Butinanın vəkilləri məhkəmənin sənədlərinə əsasən, ona qarşı qaldırılmış işin “həll olduğunu” bildiriblər.

 

Amerikanın Səsi