Fermerlərə çatası pullar banklarda qalıb

Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin lisenziyası ləğv edilmiş Azərbaycan banklarında 30 mln. manata yaxın pulu qalıb.

Bu barədə «Report»a açıqlamasında qurumun rəisi Mirzə Əliyev məlumat verib. Həmin qurum Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərir.

«Demək olar ki, bütün bağlanmış banklarda vəsaitlərimiz var. Amma həmin pullar faktiki olaraq geri qaytarılmır», – deyə M.Əliyev qeyd edib.

2015-ci ildə manatın iki dəfə devalvasiyası baş verib. Nəticədə manat iki dəfə dəyər itirib. 2016 və 2017-ci illərdə üst-üstə 10-dan çox bankın lisenziyası ləğv edilib. Bu, onların öhdəliklərini yerinə yetirə bilmədikləri ilə izah edilib. Həmin banklarda sığortalanan əmanətlər Əmanətlərin Sığortalanması Fondu vasitəsilə qaytarılmaqdadır. Amma sığortalanmayan vəsaitlərin qaytarılmasından, hələ ki, söhbət getmir.

Ancaq M.Əliyev Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin sözügedən pulunun sığortalanıb-sığortalanmadığı haqqında heç nə deməyib.

 

Azadlıq Radiosu