Füzuli Məmmədov: 100 şəhid ailəsinin hər birinə 11 min manat ödəməyə hazıram

Deputat: ”Dövlət bu pulları ödəyəcək, heç bir problem də olmayacaq”

Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti, iş adamı Füzuli Məmmədov 100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazır olduğunu bildirib.

İş adamı “Facebook”səhifəsində yaydığı müraciətdə xatırladır ki, oktyabr ayının ortalarından təxminən 100 şəhid ailəsi mütəmadi olaraq Milli Məclis və Azərbaycan Prezident Administrasiyası binalarının qarşısında aksiya keçirirlər. Onlar Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda həlak olmuş ailə üzvlərinə düşən təzminatların ödənilməməsindən şikayət edirlər:

“Əgər dövlət öz öhdəliklərini vaxtında yerinə yetirə bilmirsə, belə şəraitdə iş adamları, o cümlədən diasporun nümayəndələri şəhid ailələrinə kömək etməlidirlər. Öz oğullarını itirdiklərinə görə ödəmə almaq üçün çoxsaylı aksiyalar keçirən şəhid analarının alçaldılmasına qətiyyən yol vermək olmaz. Bu məsələnin ümummilli biabırçılıq səviyyəsinə çatdırılmaması üçün dərhal şəhid analarının problemlərini həll etmək lazımdır. Axı onların oğulları bizim ümumi Vətənimiz Azərbaycanı müdafiə edərkən həlak olublar. Ona görə də biz hamımız bu qadınlar qarşısında borcluyuq”.

Füzuli Məmmədov hesab edir ki, biznes nümayəndələri vətənpərvərlik nümayiş etdirməli və şəhid ailələrinin problemlərinin həllində fəal iştirak etməlidirlər. Bunun üçün Azərbaycan hökuməti şəhid ailələrinə təzminatların ödənilməsi problemini həll etmək məqsədilə imkanlı azərbaycanlı iş adamlarını cəlb etmək üçün sərəncam verməlidir:

“Şəxsən mən bu problemin həllində ən fəal şəkildə iştirak etməyə və Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibədə övladlarını itirmiş 100 şəhid anasına 11 min manatdan ödəmə etməyə hazıram. Hər bir şəhid anası mənim üçün doğma anam və bacımdır və onlara maddi kömək göstərməyə hazıram. Azərbaycanın əsl vətənpərvərlərinə, ilk növbədə imkanlı iş adamlarına müraciət edirəm ki, məni nümunə götürsünlər və digər şəhid ailələrinə də kömək etsinlər. O zaman bu problem çox tez həllini tapacaq. Qarabağ müharibəsi – yalnız şəhid ailələrinin ağrısı deyil, bütün Azərbaycan xalqının dərdidir və biz hamımız bu yaranı sağaltmalıyıq”.

Şəhid ailələri fərmanın icra olunmadığını deyir

Prezident İlham Əliyev aprelin 19-da “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
Fərmana əsasən şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin (11 min manat) verilməsi mexanizmini müəyyən edən Qaydaların layihəsi hazırlansa da, indiyə qədər bir çox şəhid ailəsi müavinətlərini ala bilmədiklərini deyirlər.

Məsələ Milli Məclisdə də müzakirə predmetinə çevrilib. Deputatlar Vahid Əhmədov, Fazil Mustafa, Qənirə Paşayeva və digərləri şəhid ailələri ilə görüşdən sonra spiker Oqtay Əsədova öz adından müvafiq nazirlik qarşısında məsələni qaldırmağı tövsiyə ediblər.

Mili Məclisdə məsələni araşdırmaq üçün komissiya yaradılıb. 

Bundan sonra şəhid ailələrinin nümayəndələrini Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qəbul edib. Ancaq onlar nazirlə görüşdən narazı qalıblar.

Hikmət Babaoğlu: “Dövlətin qayğısı olduqca böyükdür”

Deputat Hikmət Babaoğlu Meydan TV-yə deyib ki, dövlət bu istiqamətdə öz işini görür və müavinətlər də ayrılır:

Deputat Hikmət Babaoğlu - Foto: SəsTv
Deputat Hikmət Babaoğlu – Foto: SəsTv

“Dövlətin şəhid ailələrinə diqqəti və qayğısı olduqca böyükdür. Ona görə bu məsələni başqa cür qiymətləndirmək istəmirəm”.
Deputat narazı qalanlarla bağlı suala “mən sözümü dedim artıq” deyə reaksiya verib.

Elman Məmmədov: “Dövlətin müavinətləri verməyə imkanı var”

Deputat Elman Məmmədov Füzuli Məmmədovun müraciətini alqışlasa da, bu məsələnin dövlətə aid olduğunu düşünür:

“Dövlət bu pulları ödəyəcək, heç bir problem də olmayacaq.

Elman Məmmədov
Elman Məmmədov

Ancaq hörmətli Füzuli Məmmədov elə bir təşəbbüslə çıxış edibsə, müavinətləri yox, ehtiyacı olan şəhid ailələrinə istədiyi formada dəstək verə bilər. Çünki dövlətin müavinətləri verməyə imkanı var. Füzuli Məmmədov başqa formada istədiyi qədər yardım edə bilər”.

Milli Məclisin və Prezident Administrasiyasının qarşısında aksiya keçirən şəhid ailələrinin etirazlarına gəlincə, deputat hesab edir ki, heç kimin müavinəti gecikdirilmir, sadəcə, sənədlər yoxlanılır, sonra müavinətlər verilir:

“Bir sıra suallar var ki, onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlayın”.

Fazil Mustafa: “Hər şeyi dövlət etməməlidir”

Deputat Fazil Mustafa isə Füzuli Məmmədovun müraciətini müsbət qiymətləndirib:

Fazil Mustafa
Fazil Mustafa

“Hər şeyi dövlət etməməlidir ki. Belə bir yükü götürürsə, sağ olsun. Bugünləri Milli Məclisin qarşısına gələn şəhid ailələri var, onların vərəsəliyi hələ tanınmır. Elə onların sayı 100 nəfərdir, əgər iş adamı onların müavinətini versə, yüngülləşmə olar”.

Füzuli Məmmədov kimdir?

“İntersever” şirkətlər qrupunun rəhbəri Füzuli Məmmədov Ordubad rayonunda anadan olub, 55 yaşı var.
1983-cü ildə Naxçıvandan Rusiyaya köçən Füzuli Məmmədov 1989-cu ildən “İnterserver” şirkətinin prezidenti vəzifəsində çalışır.
Füzuli Məmmədov 1988-ci ildə Rusiyada azərbaycanlıların ilk ictimai təşkilatı olan “Azərbaycan Birliyi” adlı təşkilatın əsasını qoyub. 2005-ci ildə, “Beynəlxalq İctimai Birliklər İttifaqı”, “Dünya Azərbaycanlıları İttifaqı” və “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nu yaradıb, “Avropa Azərbaycanlıları Konqresi”nin birinci vitse-prezidenti seçilib.

Bir müddət siyasətlə məşğul olan Füzuli Məmmədov 90-cı illərdə Azərbaycanda “XXI əsr Azərbaycan” adlı partiya təsis etsə də, sonradan buraxıb.

Rusiyada yaratdığı biznesini 2014-cü ildən başda İtaliya olmaqla Avropaya köçürüb. Rusiyadan çıxmasının səbəb yaxın münasibətdə olduğu Moskva meri Yuri Lujkovun vəzifəsindən getməsi göstərilir.

Füzuli Məmmədov həm də Frenk Elkaponi kimi tanınır. Onun Rusiyada və bir sıra başqa xarici ölkələrdə “Frenk Fond”u fəaliyyət göstərir.

 

Meydan Tv