Bu il sərhədçilər 1.2 ton narkotik tutub

2018-ci ildə Dövlət Sərhəd Xidmətinin Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 19 və məxfi əməkdaşlığa cəlb olunan 3 nəfəri müəyyən etdiyi açıqlanıb.

Bu gün, dekabrın 14-də Dövlət Sərhəd Xidmətində keçirilmiş müşavirədəki çıxışında bu qurumun rəisi Elçin Quliyev bununla bağlı danışıb.

E.Quliyev başa çatmaqda olan ildə xarici münaqişə zonalarında döyüşmüş 8 nəfərin şəxsiyyətinin müəyyən olunduğunu, onlardan 5-nin saxlanıldığını bildirib. Onun sözlərinə görə, qanunsuz miqrasiya ilə məşğul olan 9 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 16 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Qeyd edilib ki, 2018-ci ildə dövlət sərhədini pozduqlarına görə 574, sərhədboyu rejim qaydalarına əməl etmədikləri üçün 12 min 701 və axtarışda olan 5 min 561 nəfər saxlanıb.

DSX rəisi il ərzində 38 milyon 279.8 min manat dəyərində qaçaqmalın və 1 ton 215 kiloqram 325 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alındığını vurğulayıb.

 

Azadlıq Radiosu