Jurnalistləri Müdafiə Komitəsi: “Azərbaycanda 10 jurnalist həbsdədir”

Mərkəzi ofisi Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) bildirir ki, son 3 ildə dünyada 251 və daha artıq jurnalist həbsdədir.

Komitə ötən il Çin, Misir və Səudiyyə Ərəbistanında daha çox jurnalistin həbs edildiyini, Türkiyənin isə dünyada ən çox jurnalist həbs edən ölkə olaraq qaldığını yazır.

CPJ hesabatına görə, son üç ildə həbsə atılan jurnalistlərin sayında rekord göstərici qeydə alınıb.

Vyetnam və Azərbaycanda həbsdə olan jurnalistlərin sayı ikirəqəmlidir, birində 11, digərində 10 jurnalist həbsdədir

Dünyada həbsdə olan jurnalistlərin yarıdan çoxu Türkiyə, Çin və Misirdə dəmir barmaqlıqlar arxasındadır.

CPJ qeyd edir ki, Vyetnam və Azərbaycanda həbsdə olan jurnalistlərin sayı ikirəqəmlidir, birində 11, digərində 10 jurnalist həbsdədir. CPJ son 20 ildə ilk dəfə olaraq Özbəkistanda həbsdə jurnalistin olmadığını vurğulayır.

Qeyd edək ki, Azərbaycan hakimiyyəti ölkədə jurnalistlərin peşəsinə görə həbs olunmadığını, ifadə, mətbuat azadlığının tam təmin olunduğunu bildirir.

Yüksək hökumət rəsmiləri bütün fundamental azadlıqların təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu bildirir. Rəsmi Bakı hüquq və azadlıqlaırn pozulması ilə bağlı tənqidləri bir qayda olaraq qərəzli adlandırır.

Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda azadlıqların pozulması ilə bağlı çoxsaylı qərarlar qəbul edib. Amnesty İnternational təşkilatı ondan çox insanı “vicdan məhbusu” elan edib.

 

Amerikanın səsi