Senat Trump-ı danlayır

ABŞ Senatında Səudiyyə Ərəbistanına qarşı səsvermə zamanı Prezident Donald Trump jurnalist Jamal Khashoggi-nin qətlinə reaksiyasına görə məzəmmət edilib.

“The Associated Press” agentliyi Senatda səsə qoyulan qətnamələrin simvolik xarakter daşıdığını yazır. Çünki onlara Nümayəndələr Palatasında baxılacağı bəlli deyil. Amma senatorların addımı onların Trump administrasiyasının xarici siyasəti, Səudiyyə Ərəbistanı ilə münasibətlərə nəzarəti ələ almaq istəyini göstərir.

Qətnamələrdən birində Birləşmiş Ştatların Yəməndəki müharibədə Səudiyyə Ərəbistanına yardımı dayandırması tövsiyə olunur. Digər sənəddə isə Khashoggi-nin İstanbuldakı konsulluqda qətlinə görə məsuliyyət tamamilə vəliəhd şahzadə Mohammed bin Salmanın üzərinə qoyulur. Trump administrasiyası hər iki sənədə qarşı çıxırdı, onlara prezidentin veto qoyacağı bildirilirdi.

“TARİXİ MƏQAM”

Səudiyyə Ərəbistanı ilə indiki münasibət alınmır”, – Yəmən qətnaməsinə qarşı çıxan senator Lindsey Graham deyib. Amma o, vəliəhd şahzadənin jurnalistin ölümündən sonra “o qədər ləkələndiyini” vurğulayıb ki, “durum dəyişməyincə, Birləşmiş Ştatlar Senatı ilə münasibətiniz ola bilməz”.

Lindsey Graham
Lindsey Graham

ABŞ kəşfiyyatının qənaətinə görə, jurnalistin konsulluqda qətlindən bin Salmanın azından xəbəri olub. Amma Trump krallığı dəfələrlə tərifləyib.

Senatorlar isə günahı kimə yönəltdiklərini aydın şəkildə dilə gətiriblər. Yekdil razılıqla keçən qətnamədə deyilir ki, senat qətlə görə vəliəhd şahzadənin “məsuliyyət daşımasına” inanır və Səudiyyə Ərəbistanı hökumətini “müvafiq hesabatlılığı təmin etməyə” çağırır.

ABŞ-ın Yəmən müharibəsinə dəstəyi dayandırmaqla bağlı tövsiyəsi isə 56-41 səs fərqliyə qəbul olunub.

Vermontdan müstəqil senator Bernie Sanders bunu “tarixi məqam” adlandırıb. Qətnaməni o, respublikaçı senator Mike Lee ilə birlikdə hazırlayıb.

Lee-nin deməsinə görə Khashoggi-nin ölümü diqqəti “bizim dünyanın o başında olan Yəməndə vətəndaş müharibəsinə sürükləndiyimizə”, bunu Səudiyyə Ərəbistanın “ardınca etdiyimizə yönəldib”.

 

Azadlıq Radiosu