Cavusoglu: Trump deyib ki, Vaşinqton Fetullah Gülenin “verilməsi” üzərində işləyir

Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu deyir ki, ABŞ prezidenti Donald Trump türkiyəli həmkarı Racep Tayyip Erdogana deyib ki, Vaşinqton türkiyəli ilahiyatçı Fetullah Gülenin “ekstradasiyası üzərində işləyir”.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Cavusoglunun dekabrın 16-da verdiyi açıqlamaya görə, Trump bunu Erdogana, Böyük 20-lər ölkələrinin Argentina sammiti çərçivəsində deyib.

Amma Ağ ev,ABŞ Dövlət Departamenti və ABŞ-ın Ədliyyə nazirliyi hələlik Cavusoglunun bu bəyanatını təsdiqləməyiblər.

Qeyd edək ki, Türkiyə hakimiyyəti Fətullah Güleni 2016-cı ildə Türkiyədə törədilən uğursuz çevriliş cəhdinin təşkilində ittiham edir və Vaşinqtondan onun verilməsini istəyir.

Amma ABŞ hakimiyyəti dəfələrlə bəyan edib ki, Türkiyə tərəfi bununla bağlı tutarlı sübutlar göstərə bilməyib.

Erdoganın keçmiş müttəfiqi olan Fətullah Gülen də bütün ittihamları rədd edir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump bu ilin noyabrında bildirmişdi ki, Vaşinqton Fətullah Gülenin Türkiyəyə verilməsi məsələsinə baxmır.

Erdogansa ötən həftə bildirib ki, Türkiyə Gülen tərəfdarlarının maliyyələşdirilməsi yönündə xaricdə yeni təşəbbüsə başlayacaq.

 

Azadlıq Radiosu