Fəal facebook-dakı nəşrinə görə təqib edildiyini bildirib

Çərşənbə axşamı Bakı Apellyasiya Məhkəməsində müxalifət fəalı Hüseyn Məlikin həbsindən şikayətə baxılıb.

O, dekabrın 5-də polisə tabe olmamaq ittihamı ilə 25 günlük həbs edilib. İclasda o və vəkili bildirib ki, ittiham həqiqətə uyğun deyil, belə ki, onu evindən aparıblar. Məlikin sözlərinə görə, onu almağa iki nəfər gəlib – biri mülki geyimli, digəri isə formalı.

O, Səbail rayon polis idarəsinin 41-ci polis bölməsinə aparılıb. Orada iki nəfər ona qarşı guya polisə tabe olmaması haqqında yalan ifadələr verib.

Məlik deyib ki, onu dərhal aparıblar və o, heç kimə zəng edə bilməyib, belə ki, dərhal telefonunu əlindən alıblar. Fəalın sözlərinə görə, bölmədə o, özünü pis hiss edib, oraya “təcili yardım” çağırılıb.

Məhkəmədə ona dövlət hesabına vəkil təyin edilib. Amma o, imtina edib, belə ki, müdafiəçisinə – hakim Yeni Azərbaycan Partiyasının üzvünə etibar etməyib.

Məlik bildirib ki, polis bölməsində onu facebook-da prezidenti təhqir etməkdə ittiham ediblər, tənqidi materialı yığışdırmağı tələb ediblər, amma o, imtina edib. Bu zaman polisə telefonunu xarab edərək, bunu edə biləcək insan çağırılıb. Bundan sonra Məlik telefonunun xarab edilməməsi üçün giriş kodunu vermək məcburiyyətində qalıb. Polis onun hesabına daxil olub və bir neçə aylıq bütün yazılarını silib. Bütün bunlar onun uydurma ittihamla həbs edildiyini göstərir.

Məlik deyib ki, məhkəmədən ədalət gözləmir.

Hakim Kamran Əkbərov kürsüsündən qalxmadan və müşavirəyə getmədən şikayətin təmin edilmədiyini elan edib.

Məlikin yaxınları bu qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcəyini bildiriblər.

 

Turan