Xədicə İsmayıl: Həbsimi hazırlayırlar

‘Üç mənbədən məlumat almışam”

Araşdırmaçı jurnalist Xədicə İsmayıl həbs olunmaq təhlükəsi ilə üzləşdiyini deyib.

Bu barədə Meydan TV-yə danışan jurnalist bildirib ki, həbs olunacağı barədə üç mənbədən məlumat alıb:

“Detallarını açmasalar da, yeni həbs hazırlandığını söyləyiblər. Ciddi bir şey olmadığını, yaxud araşdırmalarla məşğul olmamaq, AŞ PA-da və başqa beynəlxalq forumlarda çıxış etməmək üçün bəlkə qorxutmaq istədiklərini düşünürdüm. Sonra hesablarımın həbsi üzə çıxdı, ətrafımdakı adamlara maraq sezdim”.

Jurnalist hökumətə yaxın mediada yarım milyon qrant alması haqda məlumatları uydurma sayıb:

“Görünür nəyəsə zəmin hazırlayırlar. Əvvəl də müxtəlif borclarla bağlı tikilən işlərdə həmin media qurumları zəmin rolunu oynayıblar”.

Xədicə İsmayıl hesab edir ki, əsas məsələ həmkarlarının gördüyü işləri davam etdirmələridir.

Dekabrın 17-də “Avropa.info” saytında Xədicə İsmayılın Qərb təşkilatlarından 500 min avro məbləğində qrant aldığı iddia olunub. Məlumatda deyilir ki, bank hesabları bağlı olduğundan X.İsmayıl pulu kiçik partiyalarla nağd şəkildə alıb. Qrantın milli, dini qruplar, seksual azlıqlar, gənclər, habelə tələbələr arasında sosioloji araşdırmalar aparılması üçün verildiyi bildirilir.

X.İsmayıl 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin(CM)125-ci maddəsilə həbs edilib.

Jurnalist vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarıyla 7 il 6 ay azadlıqdan məhrum edilib.

Ali Məhkəmə 2016-cı ilin mayın 25-də mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə azadlığa buraxılıb.

 

basta2.com