Neftin qiyməti kəskin düşüb və bunun davam edəcəyi gözlənilir

Neft qiymətləri qarşıdan gələn həftələrdə indikindən də çox düşməkdə davam edəcək. Bu barədə neft təhlilçilərinə istinad edən CNBC saytı yazır.

Dekabrın 18-də neftin qiyməti kəskin düşüb və ekspertlər bunu bir tərəfdən qlobal səhmlərin kəskin satışı və neft bazarının az sonra izafi xam neftlə aşıb-daşacağından narahatlığı ilə izah edirlər.

Enerji bazarlarında səhm satışının artması həm də neft anbarlarının dolu olması və bazara gələn neftin həcminin artacağına dair verilən proqnozlarla bağlıdır. Bu proqnozlara görə ABŞ və Rusiyada neftin hasilatı rekord səviyyələrə yüksələcək. Bundan başqa həm də 2019-cu ildə qlobal iqtisadi artımın yavaşıyacağına dair də proqnozlar var.

PVM Oil Associates firmasının baş təhliçisi Tamas Varga yazır: “İndi neft qiymətinin bir yolu var, o da üzüaşağı..”

Ekspertin fikrincə hazırkı məlumatlar, gələcəkdə istənilən qiymət artımının qiyməti aşağı dartan elementləri ortaya çıxaracağını göstərir.

Brent markasından olan neftin qiyməti dekabrın 18-də 4 faiz azalaraq bir barrel üçün 57, 20 dollar olub. Bu neftin artıq üçüncü kəskin qiymət itkisidir.

ABŞ-ın Texas neftinin qiyməti bir barrel üçün 50 dollardan aşağı düşüb və günorta saatlarında bir barrel üçün 47, 94 dollar olub.

Ümumiyyətlə isə hər iki markadan olan neftin qiyməti oktyabrda pik nöqtəsinə çatdıqdan sonra izafi xammala görə 30 faiz düşüb.

UBS təhlilçiləri bildirirlər ki, 2018-ci ildə neft qiymətlərinin tam sabitləşdiyi və normala qayıtdığı təsəvvürü yaranmışdı, lakin hər şey oktyabrda dəyişdi.

Noyabr ayında ABŞ neftinin qiyməti 12 gün ərzində dalbadal düşməkdə davam edirdi. Brent markasından olan neft isə oktyabr ayında çatdığı 86 dollar qiymətindən 20 dollar ucuzlaşdı.

CNBC yazır ki, ekspertlər və hasilatçılar bu ayın əvvəllərində Vyanada keçirilən OPEC iclasını diqqətlə izləyirdilər.

Lakin OPEC və qeyri-OPEC ölkələri arasında hasilatın ixtisarı barədə razılaşma hələ öz təsirini göstərməlidir. Bu enerji alyansı hasilatı 2019-cu ilin ilk altı ayı ərzində günə 1, 2 milyon barrel azaltmaq barədə razılaşma əldə edib.

Bu razılaşmaya görə Səudiyyə başda olmaqla 15 üzvlü OPEC hasilatı günə 800 min barrel, Rusiya və onun neft müttəfiqləri isə günə 400 min barrel ixtisar etməlidirlər.

Lakin bu razılaşma yalnız yanvar ayında hərəkətə gələcək, üstəlik Rusiya bəyan edib ki, o hasilatı birdən-birə yox, tədricən azaldacaq.

PVM Oil Associates firmasından Varga deyir ki, neft qiymətinin qısamüddətli dirçəlişi hər an baş verə bilər, amma uzun müddətdə neft qiymətlərinin qalxacağına ümid verən əlamətlər yoxdur.

 

AzadlıqRadiosu