100 vəzifəlinin adı ‘qara siyahı’da

Siyasi Məhbusları Müdafiə Mərkəzi həbs yerlərində saxlanma şəraiti və ölkədə siyasi məhbus hesab etdikləri şəxslərlə bağlı durumu əks etdirən hesabat hazırlayıb. Dekabrın 26-da hesabatın təqdimatında mərkəzin koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyev əsas diqqəti həbsxanalardakı korrupsiya və işgəncə hallarına çəkib. Hesabata mərkəzin araşdırmasına əsasən, işgəncə verənlərin və siyasi məhbus hesab olunan şəxslərə saxta ittihamlar irəli sürən, hökm çıxaranların adlarından ibarət qara siyahı da salınıb.

“Bu hesabatda əsasən həbsxanalarda şəraitin pis olması, zəif tibbi xidmət, antisanitariya şəraiti, korrupsiya, işgəncə hallarının olması öz əksini tapıb. Əsas məsələ də məhz korrupsiya və işgəncədir. Çalışdıq ki, işgəncə verənlərin və siyasi məhbuslar haqda saxta hökm çıxaran hakimlərin də qara siyahısını hazırlayaq. Məqsədimiz həmin insanların qanunsuz əməlllərinə cəmiyyətin diqqətini çəkmək və ictimai qınaq yaratmaqdır. O şəxslərin əməlləri ilə bağlı faktları aidiyyatı qurumlara da təqdim edəcəyik”.

HAKİMİYYƏT ÖLKƏDƏ “SİYASİ MƏHBUS” TANIMIR

Oqtay Gülalıyev deyir ki, hesabatın hazırlanmasında siyasi məhbus hesab etdikləri şəxslərin ailələrinin, vəkillərinin, özü həbs həyatı yaşamış şəxslərin verdiyi məlumatlardan istifadə ediblər, bundan başqa özləri də müvafiq araşdırmalar aparıblar.

Siyasi Məhbusları Müdafiə Mərkəzinin qənaətincə, hazırda ölkədə 150-yə yaxın siyasi məhbus var. Amma bu, Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı hüquq-müdafiə təşkilatlarının vahid siyahısı deyil. Daha bir siyahıda – Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrupunun məlumatında bu rəqəm 130 göstərilir. Azərbaycan hakimiyyəti rəsmiləri isə ölkədə siyasi məhbus olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, Azərbaycanda düşüncəsinə, siyasi mənsubiyyətinə görə heç kim həbs edilmir, adı çəkilənlər konkret cinayət əməlinə görə həbsdədirlər. Rəsmi qurumlar ölkədə həbsxanaların durumunun tənqidi, korrupsiya və işgəncə halları ilə bağlı deyilənləri də həqiqətə uyğun saymırlar.

Bir neçə siyasi məhbus sayılan şəxsin hüquqlarının pozulduğunu Avropa İnsan Hüquqları Məhkəməsi də tanıyıb.

 

Azadlıq Radiosu