Mehman Əliyev: “Susdurmaq – təzyiqlərin səbəbi budur”

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “Amerikanın səsi”nə müsahibəsində 2018-ci ildə media azadlığının durumundan danışıb.

Sual: 2018-ci ildə Azərbaycanda media azadlığı sahəsində hansı yaddaqalan hadisələr baş verib?

Cavab: Mənim üçün iki məsələ yadda qalandır. Birincisi, söyüş, təhqir kampaniyası. Bu, təkcə media sahəsində deyil, artıq medianın hüdudlarını aşıb. Ümumilikdə, informasiya məkanında söyüş, təhqir, böhtan savaşı özünü çox ciddi şəkildə büruzə verib. Bu, indi də davam edir. Vaxtilə Azərbaycanda müəyyən məhdud formada nümayiş olunan bu amil artıq çərçivələrdən çıxıb.

İkincisi, hüquq- mühafizə orqanlarının media nümayəndələri və informasiya məkanı iştirakçılarına qarşı təzyiqləri yadda qalandır. Azərbaycanda hüquq- mühafizə orqanlarından bir vasitə kimi jurnalistlərə qarşı aktiv şəkildə istifadə olunmağa başlanılıb və bu, özünü daha çox büruzə verir.

Sual: Azərbaycan media azadlığı indeksinə görə dünya ölkələri arasında 163 yerdə durur. Media azadlığı sahəsində durumda irəliləyişlərin baş verməməsi nə ilə bağlıdır?

Cavab: Əslində, bu, uzun müddət aparılan ənənəvi siyasətdir. Siz qeyd etdiniz, Azərbaycan 163-cü yerdədir. Biz həmişə ənənəvi olaraq bu yerləri tuturuq. Biz bu sahədə sonuncular sırasındayıq. Bu, reallıqdır. Bu da onun göstəricisidir ki, mediaya qarşı illərlə formalaşan siyasət bu il də davam edib. Bu il jurnalistlərə, informasiya məkanı işçilərinə qarşı təzyiqlər özünü çox güclü göstərib. Xatırlatmaq istəyirəm ki, sosial media, onlayn sosial şəbəkələrdəki informasiya məkanında iştirak edən şəxslərə qarşı hüquq- mühafizə orqanları demək olar ki, təzyiqləri gücləndirib. Onların prokurorluğa, polisə, xüsusi xidmət orqanlarına dəvət edilməsi, saxlanılması və s. hallar baş verir. Biz görürük ki, jurnalistlərlə Mətbuat Şurası, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsi yox, məhz hüquq- mühafizə orqanları məşğul olur. Əlbəttə, bu siyasət, təzyiqlər birinci növbədə jurnalistləri susdurmaq, informasiya məkanı işçilərini qorxutmaq, özünəsenzura yaratmaq, informasiya axınlarını, informasiya mübadilələrini, fikir ayrılıqlarını məhdudlaşdırmaq xarakteri daşıyır. İnformasiya azadlığı indeksinə görə Azərbaycan qeyri-azad ölkələr sırasındadır. Heç olmasa qismən azad ölkələr sırasına düşmək üçün siyasət dəyişməlidir. Yəni, hüquq- mühafizə orqanlarının indi özünü büruzə verən müdaxilə sisteminə son qoyulmalıdır. Həm də media ilə hakimiyyət arasında dialoq başlamalıdır. Təkcə media ilə deyil, bütövlükdə informasiya məkanı iştirakçıları ilə normal münasibətlər formalaşdırılmalı və dialoq aparılmalıdır. Burada başqa yol yoxdur.

Sual: Ölkə həbsdə olan jurnalistlərin sayına görə Avropa regionunda Türkiyədən sonra liderdir. Hətta Rusiya və Belarusda belə həbsdə jurnalist yoxdur. Azərbaycanda jurnalistlərin həbsinə səbəb olan amillər nədir?

Cavab: Jurnalistlərin həbsinə səbəb olan amillər çox sadədir. Yəni, onları susdurmaq, informasiya məkanının işçilərini qorxutmaq, özünəsenzura yaratmaqdır. Əlbəttə, hakimiyyət istəmir ki, media və ümumiyyətlə, informasiya məkanı iştirakçıları hansısa bir nəzarət funksiyasını həyata keçirə bilsin. Yəni, hakimiyyətin hərəkətlərinə nəzarət edə bilsinlər, aparıcı siyasəti izləsinlər, qiymətləndirsinlər, qanunsuzluqları açsınlar. Bunların hamısı hakimiyyəti narahat edir. Bu, qapalı bir sistemdir və bu qapalı sistem əlbəttə ki, azad informasiya axınlarının baş verməsində maraqlı deyil. Sadəcə, səbəb budur. Susdurmaq.

Sual: Bəs, mətbuat azadlığı sahəsində durumun beynəlxalq standartlara cavab verməsi üçün hansı addımlar atılmalıdır?

Mehman Əliyev: Burada media və informasiya məkanına azadlıqların verilməsindən söhbət gedir. Sadəcə, azadlıqların verilməsi lazımdır. Əlbəttə ki, normal, sağlam münasibətin formalaşması üçün sağlam siyasətin formalaşması lazımdır. Hakimiyyət başa düşməlidir ki, uzun sürən bu ənənəvi media münasibətlərindən, yəni, bir tərəfdən medianı ələ almaq cəhdləri, mənzil vermək, “çirkli pullar”dan maliyyələşdirmək siyasəti, digər tərəfdən isə dəyənək, hüquq- mühafizə orqanlarının təzyiqləri ilə idarə etmək, bu siyasətdən əl çəkmək lazımdır. Bütün dünyada necə varsa, media və hakimiyyət arasında sağlam, normal münasibətlərin formalaşması, bunu Azərbaycanda da təmin etmək lazımdır. Bu, baş verərsə, mən hesab edirəm ki, Azərbaycanda nə həbsdə olan jurnalist olacaq, nə söyüş kampaniyası gedəcək. Normal, sağlam münasibətlər formalaşacaq.

 

basta2.com