Vaqif Davud – 70

Müsavat Partiyasının başqanı Arif Hacılı Məclis üzvü Vaqif Davudu 70 yaşının tamam olması münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir.

“Hörmətli Vaqif bəy!

Sizi doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram. Siz ilk gündən Milli Azadlıq Hərakatına qoşulmuş, Azərbaycanın istiqlalı və azadlığı, uğrunda gedən mübarizənin ən fəal iştirakçılarından, regional liderlərindən biri olmusunuz.

Xalq Hərakatı zamanı AXC-nin Oğuz rayon şöbəsinin yaradıcılarından biri, lideri olaraq siyasi fəaliyyətinizdə və özəl həyatınızda vicdanlılıq, cəsarət, vətənpərvərlik, səmimiyyət, fədakarlıq, və ziyalılıq nümunəsi göstərmisiniz. 1992-93-cü illərdə, Milli hakimiyət dövründə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı olaraq ən layiqli, bacarıqlı vəzifə adamı kimi əhalinin xidmətində durdunuz, xalqımıza vicdanla xidmət etdiniz.

Sonrakı illərdə Müsavat Partiyası Oğuz rayonu bərpa bürosunun üzvü kimi partiyanın Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, azad seçki və digər azadlıqların təmin olunması uğrunda apardığı mübarizədə fəal iştirak etmisiniz. Siz uzun müddət Müsavat Partiyası Oğuz rayon təşkilatının sədri olaraq rayon təşkilatının və partiyanın güclənməsində qərarlarının icrasında, Müsavat ideologiyasının təbliğində, sıralarımızın artırılması, fəaliyyətimizin genişləndirilməsi üçün ciddi işlər görmüsünüz. Belə fəaliyyətiniz bu gün də davam edir.

Siz Müsavat başqanının müşaviri təyin olunduqdan sonra siyasi fəaliyyət dairəniz daha da genişlənib. Əqidəyə sədaqətiniz, prinsipiallığınız və işgüzarlığınız Sizə böyük etimad qazandırıb.

Çalışdığınız hər sahədə işinizə vicdanlı münasibətiniz, eyni zamanda fəal həyat mövqeyiniz cəmiyyətdə və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb. Əminəm ki, bizim Sizinlə qürur duyduğumuz kimi övladlarınız, yaxınlarınız, Sizi tanıyan hər kəs, Sizinlə daim qürur duyacaq.

Hörmətli Vaqif bəy!

Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik və apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram”