Arif Hacılı: “Abırsızlığın zirvəsindədirlər”

Arif Hacılı: “Abırsızlığın zirvəsindədirlər”

Müsavat başqanı Arif Hacılı bu sözləri keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun ortaya çıxan milyonluq mülklərinə və bu sırada bloger Mehman Hüseynova açılan növbəti cinayət işinə münasibət bildirərkən deyib. 

İlk baxışda mədəni, gözütox kimi görünən nazir Hüseynqulu Bağırovun Böyük Britaniya və digər ölkələrdə 10 milyonlarla funt-sterlinq dəyərində əmlakının olması barədə məlumatlar yayıldığı məqamda rəsmi dövlət strukturları məlumat yayıb: “Mehman Hüseynovun üzərində axtarış aparılarkən onun qeyri- qanuni saxladığı 461 manat aşkar edilərək götürülüb.”

Abırsızlığın zirvəsindədirlər.

Qeyd edək ki, dekabrın 26-da bloger Mehman Hüseynovun cəza çəkdiyi 14 saylı cəzaçəkmə müəssisəsində insident yaşanıb. Penitensiar Xidmətin yaydığı məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Qurumdan “report.az”-a verilən məlumatda iddia olunur ki, hadisə zamanı xəsarət almış Ə.Abdalova tibbi yardım göstərilməsi məqsədilə müəssisəyə təcili həkim briqadası çağırılıb.

Digər iddiaya görəsə Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

basta2.com