Redaktor hər həftə polisə gedib qeydiyyatdan keçməlidi (Video)

“Bakı Şəhər Baş Prokurorluğu mənə qarşı cinayət işi qaldırmaqla yanaşı, həm də polisin nəzarətinə verilməyimlə bağlı qərar qəbul edib”.

Bunu AzadlıqRadiosuna basta2.com saytının baş redaktoru, Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli deyib.

Redaktor cinayət işini əsassız sayır:

“Biz öz hüquqlarımızdan istifadə edərək bu cinayət işinin əsassız olmasıyla bağlı şikayətlər vermişik. Hazırda bu şikayətlərə baxılması prosedurları həyata keçirilir. İşin məhkəməyə göndərilməsi qarşıdakı günlərdə olacaq. Böyük ehtimalla yanvar ayında da məhkəmə prosesi başlayacaq”.

Mustafa Hacıbəyli deyir ki, hər həftə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə baş çəkməlidi.

M.Hacıbəyliyə Gəncə olaylarından sonra Bakı Şəhər Prokurorluğunda cinayət işi açılıb. Onun barəsində Cinayət Məcəlləsinin (CM) 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət təqibi aparılır.

Prokurorluq M.Hacıbəyli haqqında polis nəzarətinə götürmə tədbiri seçib.

Xatırlatma

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə 2018-ci il iyulun 3-də sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi. Onda Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı. Bəzi media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırdı. Onların arasında basta2.com və başqa bir sıra saytlar da var idi.Həmin saytlara ölkə daxilindən giriş məhdudlaşdırıldı və onların əməkdaşları istintaqa çağırılmağa başlandı. Saytlar ittihamları qəbul etmirlər.

Sui-qəsd nəticəsində ağır yaralanan E.Vəliyev isə sonradan prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edir ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Hələlik, Y.Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

 

Azadlıq Radiosu