Əsəd ordusu Türkiyədən əvvəl Münbiçə girdi

Suriya ordusu bu gün – dekabrın 28-də Menbiç şəhərinə girib. Bundan öncə kürdlərin YPG qruplaşması şəhəri Türkiyənin hücumlarından qorumaqdan ötrü Dəməşqdən kömək istəmişdi.

ABŞ qüvvələrinin bu şəhərdə hərbi bazası var və Suriya hökumət qüvvələrinin hansı səviyyədə yerləşdiyi bəlli deyil.

Suriya Demokratik Qüvvələri (SDF), başda YPG olmaqla, 2016-cı ildə Menbici İslam Dövləti silahlı qruplaşmasından azad edib.

Suriyanın şimalında yerləşən bu şəhər Türkiyənin dəstəklədiyi üsyançılarla sərhəddə yerləşir. Ankara YPG döyüşçülərini təhdid sayır və onları məhv etmək vədi verir.

Suriya ordusu cümə günü yaydığı bəyanatda deyib ki, əsgərləri Münbiçdə dövlət bayrağını sancıblar, “ərazidəki bütün Suriya vətəndaşları və digərlərinin” təhlükəsizliyi təmin edəcək, – AzadlıqRadiosu məlumat verir.

Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatının bildirməsinə görə, əsgərlər Münbiçin ucqarlarına yerləşdirib, şəhərlə Türkiyənin müttəfiqlərinin ortasında dayanıb.

Prezident Donald Trampın 2 minədək ABŞ hərbçisini Suriyadan çıxarmaqla bağlı qəfil qərarı SDF-ni təlaşlandırıb. SDF Suriyanın şimalında və şərqində böyük ərazilərə nəzarət edir. Amerika hərbçilərinin mövcudluğu isə Türkiyəni önləyirdi.

YPG bildirir ki, döyüşçüləri bundan öncə Suriyanın şərqində İŞİD yaraqlıları ilə savaşmaqdan ötrü Münbiçdən çıxıb.

“Buna görə də aid olduğumuz Suriya hökumətini silahlı qüvvələrini bu mövqeləri tutmağa göndərməyə, Münbiçi Türkiyənin hədələrindən qorumağa dəvət etdik”, – YPG bəyanatında bildirib.

Rusiya isə Suriyadakı kürd ərazilərinin prezident Bəşər Əsəd hökumətinin nəzarətinə qaytarılmasını alqışlayıb. Kremlin sözçüsü Dmitri Peskov cümə günü bunu “müsbət tendensiya” adlandırıb.

Rusiya və İran Suriya münaqişəsində Əsədi, Birləşmiş Ştatlar və Türkiyə isə üsyançıları dəstəkləyir. 

Məsələyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da münasibət bildirib.

Onun sözlərinə görə, Əsəd rejimi psixoloji əməliyyat aparır: “Hazırda Suriyanın Münbiçə qarşı belə bir psixoloji əməliyyat apardığını bilirik. Orada öz bayraqlarını dalğalandırdıqlarını bilirik. Ancaq hələlik qeyri-müəyyənlik hökm sürür və ciddi bir şey yoxdur. Bir saat əvvəl bununla bağlı vəziyyəti öyrəndim, məsələ qəti deyil”.

Ərdoğan əlavə edib ki, sabah Türkiyənin xüsusi heyyəti Moskvaya gedərək, məsələ ilə bağlı danışıqlar aparacaqlar. Heyyətin tərkibinə Türkiyənin xarici işlər, müdafiə və təhlükəsizlik üzrə nazirləri daxildir. 

 

basta2.com