Cəmil Həsənlidən “Basta”ya dəstək ziyarəti

Bu gün Milli Şuranın sədri professor Cəmil Həsənli “Basta” saytının redaksiyasına baş çəkib.

O, baş redaktor Mustafa Hacıbəyli ilə görüşərək, ona qarşı qaldırılan cinayət işinə görə narahat olduğunu, bunu Azərbaycanda hakimiyyətin söz azadlığına qarşı təzyiqlərinin davamı kimi qiymətləndirdiyini bildirib. 

“Sizə qarşı bu təqiblərə görə səmimi olaraq narahatıq, hakimiyyətin bu davlanışından hiddətlənirik. Öz adımdan və Milli Şura adından bildirirəm ki, sizi bütün gücümüzlə müdafiə edəcəyik”, – Cəmil Həsənli bildirib. 

Qeyd edək ki, noyabrın 30-da Bakı Şəhər Prokurorluğuna çağırılan Mustafa Hacıbəyliyə qarşı saytda dərc olunan iki məqaləyə görə Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. İttihamların səbəbi “Basta” saytında dərc edilmiş iki məqalədir. Sayt bu məqalələrdə hər hansı qanunsuz çağırış, ümumiyyətlə çağırış olmadığını, irəli sürülən ittihamların əsassız olduğunu bildirir. 

 

basta2.com