Müsavat: Hakimiyyətin anım tədbirində zor tətbiq etməsi müxalifətə qarşı represiyaların gücləndirilməsidir

Müsavat Partiyası BƏYANAT yaydı

27 il əvvəl 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək, yerli əhaliyə-azərbaycanlılara qarşı soyqırım törətdilər.

Xocalı soyqırımı nəticəsində 600-dən çox insan qətlə yetililib, uşaqlar və qocalar daxil olmaqla minlərlə dinc əhali əsir götürülüb, şəhər tamamilə yandırılıb.

Bu hadisə bir çox dövlətlər tərəfindən soyqırım kimi tanınıb. Bu gün Müsavat Partiyasi öz tərəfdarları, ictimaiyyətin nümayəndələri ilə birlikdə Xocalı soyqırımının qurbanlarını anmaq məqsədilə Bakıda “Ana fəryadı” abidəsini ziyarət etmək istərkən polis və bəzi xüsusi xidmət orqanları tərəfindən zorakılığa məruz qalıb.

Müsavatçılara Xocalı soyqırımı qurbanları abidəsi önünə gül dəstələri qoymaq imkanı verilməyib. Bu zaman bir neçə ziyarətçi, o cümlədən Müsavat Partiyasının Mətbuat Xidmətinin əməkdaşı Mehman Kamran xəsarət alıb. Mehman Kamran təcili tibbi yardım vasitəsi ilə hadisə yerindən xəstəxanaya aparıb.

Anım mərasiminə müdaxilə edilməsi, törədilən bu təxribat son zamanlar siyasi hakimiyyətin müxalifətə qarşı davam edən təzyiqlərin, represiyaların aşıq-aşkar güclənməsi kimi qiymətləndirilməlidir.

Hakimiyyət bu hadisə ilə bir daha özünün cəmiyyətdən ayrı olduğunu göstərdi.

Müsavat Partiyası iqtidarın hətta anım tədbirlərində xalqın iradəsinə qarşı yönəlmiş qeyri-qanuni, zorakı davranışlarını qətiyyətlə pisləyir, anım tədbirinin iştirakçılarına qarşı yol verilmiş zorakılıqlıq və qeyri- qanuni hərəkətlərin günahkarlarının aşkarlanaraq cəzalandırılmasını, hadisəyə hüquqi qiymət verməsini tələb edir.

 

Bastainfo.com