Arif Hacılı: Bakı Şəhər İcra Hakimiyyətinin cavabı qanunsuz və əsassızdır

Bu gün Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının martın 10-na təyin etdiyi yürüş-mitinqlə əlaqədar müraciətinə yox deyib.

Müsavat Partiyasının başqanı Arif Hacılı BŞİH-nin rəhbərliyinin bu qərarının qanunsuz olduğunu bildirib.

“Hakimiyyət Müsavatın yürüş-mitinq müraciətinə “yox” dedi. Biz şəhərin mərkəzindən uzaq, həm də bir- neçə məkan göstərməklə hakimiyyətin bəhanəsi kəsmək istədik. Yenə olmadı. Bakı Şəhər İcra Hakimiyyətinin cavabı qanunsuz və əsassızdır. Yürüş üçün müraciət etdiyimiz küçələr (Həsən bəy Zərdabi, S.S. Axundov) Bakının mərkəzi küçələri, Dərnəgül metrostansiyası yanındakı meydan və Məhsul stadionu şəhərin mərkəzi meydanları deyil. Ümumiyyətlə isə sərbəst toplaşma azadlığı həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq hüquq normalarına görə başqa hüquqların (istirahət hüququ, nəqliyyatın sıx olduğu küçə) pozulması bəhanəsi ilə məhdudlaşdırıla bilməz. Sərbəst Toplaşma Azadlığı söz və ifadə, seçmək və seçilmək azadlıqları kimi prioritet insan haqlarına aiddir. Sərbəst toplaşma azadlığı və digər azadlıqlar uğrunda mübarizəmiz sonadək davam edəcək!”, -Arif Hacılı bildirib.

Qeyd edək ki, bu gün Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının martın 10-na təyin etdiyi yürüş-mitinqlə əlaqədar müraciətinə cavab verib. Partiya başqanının müavini Razim Əmiraslanlının “Basta”ya verdiyi məluata görə, paytaxt rəhbərliyi aksiyanın keçirilməsini məqsədəuyğun saymayıb. Qərar Müsavatın yürüş-mitinq üçün seçdiyi marşrutda nəqliyyatın sıx hərəkəti ilə əlaqələndirilib.

 

Bastainfo.com