ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlib

İlham Əliyev martın 5-də ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Azərbaycanın rəsmi agentliyi məlumat yayıb.

Ancaq görüşün detalları, hələlik, açıqlanmır.

ATƏT-in fəaliyyətdə olan sədri M.Layçak martın 5-də Azərbaycana gəlib. Bu səfər çərçivəsində Azərbaycan-ATƏT əməkdaşlığının inkişafı və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin müzakirə ediləcəyi gözlənir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

 

Amerikanın Səsi