Müsavat başqanı Nüşabə Sadıxlını təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Müsavat Məclisinin sədri Nüşabə Sadıxlını doğum günü münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Nüşabə xanım!

Sizi doğum günü münasibəti ilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, işlərinizdə uğurlar arzulayıram.

Siz, 1988-ci ildə başlayan Azərbaycan Xalq Hərəkatının ilk günlərindən onun sıralarına qoşulmuş, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizənin ön cərgələrində olmusunuz. Həyatınızın mühüm hissəsini Azərbaycanda hüquqi dövlət və azad cəmiyyətin formalaşmasına həsr etmisiniz.

Azərbaycan Xalq Cəbhəsində müxtəlif məsul vəzifələrdə çalışarkən də milli lider Əbülfəz Elçibəyin yaxın silahdaşı və müşaviri kimi ölkədə demokratik hərəkatın genişlənməsində, azadlıq ideyalarının yayılmasında fəal iştirak etmisiniz. Bu müddət ərzində çox təqib və təzyiqlərlə üzləşsəniz də mübarizəni qətiyyətlə davam etdirmisiniz.

2004-cü ildə, Müsavat Partiyasına qarşı təüiblərin pik həddində olduğu bir zamanda, Siz bir qrup tanınmış hərəkatçı dostlarımızla birlikdə Müsavat Partiyasının sıralarına qoşulmuş, öz siyasi fəaliyyətinizi partiyamızda davam etdirmisiniz. Partiyanın Divan üzvü, Müsavat Başqanının müavini kimi çox məsul vəzifələrdə çalışmışınız. Bu müddət ərzində özünüzü ləyaqətli, peşəkar siyasi xadim kimi təsdiq etmisiniz.

Buna görə də müsavatçılar sizə böyük etimad göstərərək Müsavat Məclisinin sədri seçiblər. Siz Məclis sədri kimi Müsavat Partiyasının təşkilatlanmasında, müsavatçılıq ideyalarının təbliğində və yayılmasında yorulmadan çalışırsınız. Ölkədə demokratik cəmiyyətin qurulması üçün yalnız intellektual mübarizə ilə kifayətlənməyərək, zaman-zaman keçirilən kütləvi aksiyalarda da gənclərlə birlikdə fəal iştirak etmisiniz. Təqib və təzyiqlərə baxmayaraq heç zaman öz əqidənizdən dönməmisiniz.

Siz bir alim və pedaqoq kimi Azərbaycanda elm və təhsilin səviyyəsinin keyfiyyətcə yüksəldilməsi işinə öz fəaliyyətinizlə daim töhfələr vermiş, bu sahələrin inkişafında mühüm rol oynamısınız. Eyni zamanda bir müəllim kimi milli mübarizə ideyasını öz tələbələrinizə aşılayan dəyərli ziyalılarımızdansınız.

Siz həm də mehriban, qayğıkeş bir ana, hər kəsə nümunə ola biləcək bir şəxsiyyətsiniz. Əminəm ki, biz Sizinlə qürur duyduğumuz kimi, övladlarınız, yaxınlarınız, Sizi taniyan, şəxsiyyətinizə və fəaliyyətinizə bələd olan hər kəs daim Sizinlə qürur duyacaq.

Hörmətli Nüşabə xanım!

Sizi bir daha doğum günü münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, fəaliyyətinizdə uğurlar arzulayıram.