Məcburi köçkünlərin yaşadığı tikilidə yanğın olub

Komitə rəhbəri: Bundan əvvəlki yanğın qəsdən törədilib

Azərsutikinti Xəstəxanasının məcburi köçkünlərin məskunlaşdığı korpusunda aprelin 10-da yanğın olub.

Yanğın nəticəsində ölən olmayıb. 7 nəfərə tibbi yardım göstərilib. Onlardan 3-ü qadın, 3-ü kişi, 1-i uşaqdır.

Binada yanğından təhlükəsizlik tədbirləri görülmədiyi bildirilib.

Bu barədə binada məskunlaşan məcburi köçkünlər jurnalistlərə deyib. Onlar Binanın istifadə müddətinin bitdiyini və dəfələrlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdiyini söyləsələr də, tədbir görülmədiyini deyiblər.

Hadisə yerinə gələn Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev sakinlərin etirazı ilə qarşılaşıb. Sakinlər R.Rzayevə binanın istifadə müddətinin bitdiyini və bu barədə əvvəlki, o cümlədən, indiki sədrə müraciət etdiklərini xatırladıblar. Onlar illərdir komitəyə müraciət etsələr də, reaksiya olmadığını deyiblər:

“Biz qəbulunuza düşə bilmirik”.

Ancaq R.Rzayev onlarla razılamayıb və 11 ayda 10 min adamın qəbul olunduğunu deyib.

R.Rzayev köçkünlərin illərdir yeni tikilən binalardan ev ala bilməmələri barədə iradına belə cavab verib:

“42 min məcburi köçkün var, 810 mənzil var, bunları bölmək asan deyil. Dövlət hər şey edir ki, problemlər həll olunsun”.

R.Rzayev yanğınla bağlı ekspertiza təyin ediləcəyini deyib və xatırladıb ki, martın 6-da Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov 12 ünvanında yerləşən yataqxanada baş verən yanğının qəsdən törədildiyi məlum olub.

O bildirib ki, faktla bağlı cinayət işi başlanılıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 6 nəfər xəstəxanaya yerləşdirilib.

 

Meydan Tv