“Avropa İttifaqı İlə Azərbaycan arasında saziş layihəsi xalqa açıqlansın” – Müsavatın bəyanatı

Müsavat Partiyasının Məclisi Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin imzalanması istiqamətində aparılan danışıqların şəffaf olmaması, bu danışıqlar barəsində ölkə ictimaiyətinə heç bir bilgi verilməməsindən narahatlıq ifadə edən bəyanat qəbul edib.

Partiyanın mətbuat xidmətindən “Basta”ya təqdim olunan sənəddə deyilir: 

“Müsavat Partiyası Azərbaycanın bu günü və gələcəyi üçün vacib olan bu sənədin geniş müzakirəsini, sənəddə Qarabağ problemi də daxil olmaqla siyasi və iqtisadi məzmunlu məsələlərin öz həllini hansı şəkildə tapmalı olduğu barədə ictimai diskussiyaları vacib sayır.

Qərb dövlətləri ilə münasibətlərin Azərbaycan xalqının mənafeyinə uyğun qurulması üçün bu məsələdə xalqın iradəsinin nəzərə alınması olduqca mühümdür. Belə razılaşmalar, müqavilələr hakimiyətlərlə imzalansa da, bu, ümumilikdə dövlətə aid məsələ olduğu üçün müqavilə layihəsinin müzakirəsində ölkə ictimaiyyətinin, siyasi və ictimai təşkilatların nümayəndələrinin bilavasitə iştirakı vacibdir. Müsavat Partiyası Avropa Birliyi strukturlarından, həmçinin Azərbaycan hakimiyətindən müzakirə olunan saziş layihəsinin aşkarlanmasını, sazişlə bağlı müzakirələrdə Azərbaycanın siyasi və ictimai təşkilatlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakının təmin edilməsini tələb edir.

Müsavat Partiyası sənəddə Azərbaycan xalqının maraqlarının təmin olunması, ərazi bütövlüyü, hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu, seçki qanunvericiliyinin AŞ Venesiya Komissiyasının təklifləri nəzərə alınmaqla qəbul olunması, azad məhkəmələrin təmin olunması üçün vacib olan müddəalar, ölkəmizdə liberal iqtisadai münasibətlərin formalaşmasını təmin edəcək müddəalar, bununla yanaşı fundamental insan haqları və azadlıqlarının, söz və ifadə, sərbəst toplaşma və digər azadlıqların tam təmin olunması, siyasi məhbus probleminin birdəfəlik həll edilməsi, Avropa İttifaqı ilə assosiativ sazişin imzalanmasının sürətlənməsi, Azərbaycan hakimiyyəti qarşısında tam demokratik, azad və ədalətli seçki mühitinin yaradılması tələbinin qoyulması, ölkədə siyasi və iqtisadi islahatlar aparmaq yolu ilə Azərbaycanın Avropa strukturlarına inteqrasiya etməsinə yönəlik maddələrin daxil edilməsini vacib hesab edir.

13 aprel 2019-cu il”

 

Basta