Paris Notr Dam kilsəsinin bərpasına bir milyard avro yığıldı

Fransada yanğının məhv etdiyi Notr Dam kilsəsinin bərpası üçün edilən yardım bir milyard avrodan çox olub. Bu barədə “Le Parisien” qəzeti xəbər verir.

Nəşrə görə, vəsait toplanması əsasən böyük şirkət və sahibkarlar, eləcə də Fransanın Mədəniyyət Nazirliyi tərəfindən seçilmiş dörd dövlət fondu vasitəsilə həyata keçirilir. Mədəniyyət naziri Frank Riester tvitter profilində etibarlı ola biləcək internet portallarını sıralayıb və kilsənin  yenidən qurulmasına yardım etməyə çağırış edib.

Fransa prezidenti Emmanuell Makron memarlıq abidəsinin beş il ərzində bərpa ediləcəyini deyib. Prezidentin sözlərinə görə, ölkə bu məqsədlə səfərbər olunacaq.

Rusiya Dövlət başçısı Vladimir Putin kilsənin bərpasına ən yaxşı rus mütəxəssislərinin köməyini təklif edib.

Notr Dam kilsəsi aprelin 15-də axşam saatlarında alovlara qərq olub. Yanğın dam örtüyünün əsas hissəsini məhv edib. Kilsəsinin orqan kimi bəzi sənət əsərlərinə zərər  dəysə də, əsərlərin və artefaktların çoxu salamat qalıb. Yanğınla mübarizə gecə saatlarında başlayıb, lakin alovu səhər ram etmək mümkün olub.  Nəticədə üç nəfər yaralanıb. Yanğının səbəbi bir neçə ay əvvəl başlayan bərpa işlərinin olduğu bildirilir.

Notr Dam  Fransanın tarixi  simvolu və dünya mədəniyyətinin əvəzsiz xəzinəsi hesab olunur.

Heybət Əmrah

Basta2.com