Poroşenko-Zelenski debatı: “Torbada pişik” və “Quzu dərisində canavar” söhbəti

Aprelin 21-də ukraynalılar yenidən seçki məntəqələrinə gedəcək.  Prezident seçkilərinin ikinci turunda indiki prezident Petro Poroşenko ilə “Kvarta 95” studiasının rəhbəri Vladimir Zelenski yarışacaqlar.

Bu gün, seçki kampaniyasının son günündə Petro Poroşenko əvvəlcə Kiyevdə mitinq keçirib.

Daha sonra Ukrayna paytaxtının Olimpia stadionunda Poroşenko ilə Zelenski arasında debat keçirilib. Stadiona hər iki namizədin 60 mindən artıq tərəfdarı toplaşıb.

Meydançada hər namizəd üçün ayrıca səhnə qurulsa da, debat başladıqdan sonra Poroşenko öz səhnəsini tərk edərək Zelenskinin olduğu tribunaya qalxıb və debat burada davam edib.

Namizədlər öz platforma və planlarından danışmayaraq, daha çox qarşılıqlı ittihamlarla çıxış ediblər. Zelenski Poroşenkonu oliqarx olmaqda, korrupsiyada, Rusiya ilə biznes əlaqələrini davam etdirməkdə, uğursuz hərbi əməliyyatlarda ittiham edib.

Poroşenko isə öz rəqibini vaxtıyla hərbi xidmətdən yayınmaqda, bu seçkidə “vətəni dar gündə qoyub qaçan” oliqarxların əlində vasitə olmaqda və təcrübəsizlikdə ittiham edib.

“Zelenski torpadakı pişikdir, o həmişə gizlənib, ukraynalılar dövləti ona etibar etməz”, – Poroşenko deyib.

Zelenskinin cavabı isə belə olub: “Quzu dərisində canavar olmaqdansa,  torpada pişik olmaq daha yaxşıdır. Mən sizin opponentiniz deyiləm. Ukrayna xalqı məni opponent olaraq yox, cəza hökmü olaraq sizin qarşınıza çıxarıb”

Poroşenko deyib ki, Rusiya prezidenti Putin Ukraynanı diz çökdürmək üçün onun hakimiyyətdən uzaqlaşdırılmasını istəyir. Zelenski buna “mən sizdən fərqli olaraq heç vaxt Putinlə görüşməmişəm” deyərək cavab verib.

Stadionda hər hansı bir insident qeydə alınmayıb.

Daha sonra Ukrayna İctimai Televiziyasının efirində təyin olunan debat baş tutmayıb. Zelenski debatın bu mərhələsinə qatılmadığı üçün Poroşenko tək çıxış edib.

Qeyd edək ki, Ukrayna Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatlarına görə, martın 31-də baş tutan ilk turda Poroşenkoya 3,014,609 seçici (15,95%), Zelenskiyə isə 5,714,034 seçici (30,24%) səs verib.

İlk turdan sonra keçirilən rəy sorğularının nəticələrinə görə, Zelenski öz rəqibini böyük fərqlə üstələyir. Onun 60 faizə yaxın səs yığacağı gözlənilir.

 

Basta