Türkiyə C-400-ü Azərbaycana verəcək?

Türkiyə NATO-dan olan müttəfiqlərinin Rusiyadan C-400 RƏM sisteminin alınması ilə bağlı narahatlıqlarını anladığını bildirib. Türkiyə XİN başçısı Mevlut Çavuşoğlu jurnalistlərlə bu məsələyə həsr olunmuş görüş keçirib, xəbəri Reuters yayıb.

Rusiya qurğuları yay ərzində Türkiyəyə gəlməlidir. Bununla əlaqədar ABŞ Türkiyə hakimiyyətindən Rusiyanın RƏM sistemi və Amerikanın F-35 qırıcıları arasında seçim emtəyi tələb edib. Türkiyəyə 100 qırıcı daxil olmalı idi, amma ABŞ Rusiyanın raket əleyhinə qurğularının NATO aviasiyasında tətbiq edilən hərbi texnologiyalar haqqında məlumatları tuta biləcəyindən ehtiyatlanır. Çavuşoğlu bildirib ki, bu cür ehtimalların heç bir əsası yoxdur, xəbəri “Azadlıq” radiosu yayıb.

Türkiyə hakimiyyəti ABŞ-ın Türkiyə iqtisadiyyatına mənfi təsir edəcək sanksiyalarına məruz qalmaq istəmir. Vaşinqtonla münasibətləri nizamlamaq üçün Türkiyənin müdafiə idarəsinin rəhbəri, maliyyə naziri, habelə prezident Erdoğanın nümayəndəsi bu həftə ABŞ-a səfər edib.

AFP agentliyi qeyd edib ki, Türkiyənin Rusiyadan əldə etdiyi qurğulardan imtina etməsi ehtimalı artır. Belə olan halda bu raketlər üçüncü tərəfə ötürülə bilər, deyə agentlik qeyd edib.

Beləliklə, Türkiyə üçün C-400 məsələsi tamamilə qeyri-adi məcraya yönələ bilər. Bu günlərdə Türkiyə KİV C-400-ün müvəqqəti olaraq Azərbaycanda və Qatarda yerləşdirilməsi ehtimalından bəhs edib. Bu, Türkiyə hərbçilərinin Azərbaycanda olan C-300 sistemlərində təlim keçmək istəyi ilə izah olunurdu. Türkiyə C-400-dən imtina edərsə, Ankaranın ödənişini etdiyi RƏM sistemlərini ötürə biləcəyi üçüncü ölkələr Azərbaycan və Qatar ola bilər.

Bakı üçün bu sistemlər Ermənistanda olan orta məsafəli “İsgəndər” ballistik raketləri ilə bağlı təhlükənin aradan qaldırılması üçün əhəmiyyət kəsb edir.