Poroşenko nəticələr hesablanmadan Zelenskini təbrik etdi

Bazar günü Ukraynada prezident seçkilərinin ikinci turu hər hansı bir insident qeydə alınmadan başa çatıb.

Mərkəzi seçki Komissiyasının verdiyi məlumata görə, səsvermədə seçicilərin 62 faizi iştirak edib. Səsvermənin nəticələri hesablanmadan indiki prezident Petro Poroşenko məğlubiyyətini qəbul edib.

“Zelenskini təbrik edirəm, Ukrayna xalqının seçimini anlayıram, amma siyasətdən getmək fikrim yoxdur”– deyə,  Poroşenko bəyan edib.

Səsvermə vaxtı keçirilən “Exit poll”ların nəticələrinə görə, səsvermə məntəqəsindən çıxanların 73 faizi Vladimir Zelenskinin, 25 faizi isə Petro Poroşenkonun lehinə səs verdiklərini açıqlayıblar. 

MSK seçki məntəqələrinin cəmi 2,28 faizində səslərin sayılmasının başa çatdığını açıqlayıb. Bu məntəqələrdə Zelenski 71,46 Poroşenko isə 26,19 faiz səs toplayıb.

Seçkidə ciddi qanun pozuntuları barədə şikayətlər verilməyib. 

Qeyd edək ki, Vladimir Zelenski 1978-ci ildə anadan olub. O, komediya ustası və kinoaktyordur, “Kvartal 95” studiasının rəhbəridir. Zelenski Ukraynada populyar olan “Xalqın xidmətçisi” teleserialında oynadığı rola görə məşhurlaşıb. 

Basta