Türkiyədə müxalifət liderinə hücum edildi – Video

Bu gün Türkiyə paytaxtı Ankarada ana müxalifət partiyası olan CHP-nin lideri Kamal Kılıcdaroğluna hücum edilib.

Ankaranın Çubuk ilçəsində bir şəhidin cənazə törəninə qatılan Kılcdaroğluna bir qrup dəyənəkli şəxs hücum edib, ona yumruq və təpik zərbələri endiriblər. Müxalifət liderinin avtomobilinin şüşələri daş və dəyənəklərlə sındırılıb.

Mühafizəçilər Kılıcdaroğlunu qorumaq  üçün onu yaxınlıqdakı  yaşayış evlərindən birinə aparıblar. Hücum edən dəstə bu evi də daşa basaraq, müxtəlif şuarlar səsləndirib.

Vəziyyət o həddə çatıb ki, Kamal Kılıcdaroğlunu linçdən xilas etmək üçün hadisə yerinə hərbi birləşmələr və müdafiə naziri Hulusi Akar gəlib.  

Hücum edənlərin AKP tərəfdarları olduğu, onların sifariş yerinə yetirdiyi ehtimal edilir. “Cumhuriyet” qəzeti xəbər verir ki,  Hulusi Akar Kılıdaroğlunun sığındığı evi mühasirəyə alan təxribatçılara “Dəyərli dostlar, mesajlarınızı verdiniz, təpkinizi göstərdiniz, indi çəkilin” deyə müraciət edib. 

Daha sonra müxalifət lideri antiterror əməliyyatlarında istifadə edilən zirehli maşında məhəllədən uzaqlaşdırılıb. 

“Hadisə cənazə namazı qılınan vaxt baş verdi. Namaz vaxtı bir dəstə adam Kılıcdaroğluna qarşı şüarlar səsləndirməyə başladı, sonra ona hücum etdilər. Bu, şəhidə və onun ailəsinə, namaza qarşı da böyük hörmətsizlik idi. Bütün bunlar polisin gözü qarşısında baş verdi”, – deyə, hadisənin şahidlərindən biri “Halk TV”-yə danışıb.

CHP bu hücuma görə daxili işlər naziri Süleyman Soylunun məsuliyyət daşıdığını bildirib və onun istefasını tələb edib.

Kılıcdaroğlunun vəziyyəti normaldır. O, CHP-nin Ankaradakı baş qərargahına gedib. CHP yetkililəri və müxalifətçi millət vəkilləri Çubuklu ilçəsinə getmək istəsələr də, Kılıcdaroğlu buna ehtiyac olmadığını deyib. Baş qərargahın binası qarşısında  çıxış edən Kılıcdaroğlu bildirib ki, bu təxribatın məqsədi, onun şəhidlərin dəfn mərasimində iştirakdan daşındırmaqdır. Müxalifət lideri bu hücumlara rəğmən şəhidlərin cənazə mərasimlərində iştirak edəcəklərini, haqq, hüquq və ədalət uğrunda mübarizədən geri çəkilməyəcəklərini bəyan edib.

“Şəhidlər hamımızındır. Mən həm də bir əsgər atasıyam, onlar kimi deyiləm”, – deyə, Kılıcdaroğlu AKP lideri Rəcəb Tayib Ərdoğanın iki oğlunun hərbi xidmətdən yayındığına işarə edib.

Ankara prokurorluğu Kılıcdaroğluna hücum edənlərdən 6 nəfərin kimliyinin artıq müəyyən edildiyini açıqlayıb. Açıqlamada qeyd edilir ki, onlar tezliklə saxlanılacaq və terror, yaxud mütəşəkkil təxribata cəhd ittihamı ilə dindiriləcəklər.

Basta