“Azad Həsənovun nədə ittiham olunacağını, onu həbs edən polislər də bilməyib”

Aprelin 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü, siyasi məhbus Azad Həsənova qarşı qaldırılan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Prosesdə əvvəlcə hal şahidi Böyükbəy Əliyarbəyov ifadə verib. O, 2018-ci il oktyabrın 11-də polisin təklifi ilə Bakı Şəhər Baş Polis İdarəsinə getdiyini və burada Azad Həsənovun öz cibindən 3 bükmədə olan narkotik maddəni çıxararaq masanın üstünə qoyduğunu söyləyib.

Lakin şahid vəkil Osman Kazımovun suallarına cavab verərkən, onun üzləşmə vaxtı verdiyi ifadə ilə indi məhkəmədə verdiyi ifadə arasında ziddiyətin olduğunu ortaya çıxıb. Şahid üzləşmə zamanı narkotikin hansı cibdən çıxarıldığını xatırlamadığını söyləyib. Amma məhkəmədə ifadə verərkən narkotikin üstündəki şalvarın sağ cibindən çıxarıldığını söyləyib. Dindirməyə müdaxilə edən Azad Həsənov bu şahidin onun həbsi zamanı ümumiyyətlə polisdə olmadığını deyib.

Şahid vəkilin bir sıra suallarına cavab verməkdən imtina edib. O, suallara cavab verməyə çətinlik çəkərkən hakim İradə Həsənova ona kömək etməyə çalışıb.

Şahid Əliyarbəyov məhkəmədə bildirdi ki, o, polisə dəvət edilən son şahid olub. Lakin istintaq zamanı verdiyi ifadədə ondan sonra daha bir şahidin çağırıldığını deyib. Osman Kazımovun təkidindən sonra hakim şahidin istintaqa verdiyi ifadəni yenidən oxuyub və ifadələrdəki ziddiyyət təsdiqini tapıb. 

Daha sonra BŞBPİ-nin əməliyyatçısı, polis kapitanı Pərviz Məmmədov ifadə verib. Pərviz Məmmədov vəkilin sualına cavab olaraq bildirib ki, Azad Həsənov saxlanılarkən, ona narkotiklə bağlı hər hansı bir söz deyilməyib: “Biz ona bildirdik ki, gedək idarəyə, nəyə görə saxlandığını orada deyərlər”.

Osman Kazımov bildirib ki, polis zabitinin bu ifadəsi, onun etirafıdır: “Azad Həsənovun nədə ittiham olunacağını heç onu saxlayan polislər də bilməyiblər. Narkotik ittihamı sifarişdir, bu sifariş o, idarəyə gətiriləndən sonra verilib”.

Osman Kazımov məhkəmədə həmçinin bildirib ki, prosesə gətirilən şahid proses ərəfəsində məhkəmə binasında əməliyyatçılarla bir yerdə olub və onlardan təlimat alıb: “Bunu bu gün məhkəmənin girişində öz gözlərimlə gördüm”. 

Polis zabiti Pərviz Məmmədov ifadə verərkən, Azad Həsənova məxsus olduğu iddia olunan narkotik maddənin ağ rəngdə toz halında olduğunu deyib. Lakin istintaq materiallarında iki bükmədə heroinin toz halında, 3-cü bükmədə isə kristal formasında olduğu göstərilib. Polis zabiti vəkilin sualına cavab verərkən, onun “kristal” sözünün mənasını anlamadığı ortaya çıxıb. Pərviz Məmmədov Azad Həsənov saxlanılarkən, onun ailə üzvlərinə məlumat verilmədiyini də təsdiqləyib.


Məhkəmədə daha sonra Osman Kazımov vəsatətlə çıxış edib.

Vəsatətdə

-Azad Həsənovun tutulmasında iştirak etmiş Fikrət adlı polis əməkdaşının dindirilməsi;

-Azad Həsənov tutulduqdan sonra onun ailəsinə bu barədə məlumat verməməklə qanunu pozan müstəntiq Vüsal Məhərrəmovun məhkəməyə çağrılaraq dindirilməsi;

-Azad Həsənov həbs edildiyi gün, onun itkin düşməsi barədə vəkili və ailə üzvlərinin 102 xidmətinə etdiyi müraciətlər barədə DİN-dən arayışın alınması,

-Azad Həsənovun hüquqlarının pozulması ilə bağlı Baş prokurorluğa edilən müraciətin məhkəmədə təqiq edilməsi tələb edilir.

Hakim məhkəmə prosesini təxirə salıb. Məhkəmənin növbəti iclası mayın 7-də saat 12:00-da davam edəcək.

Məhkəmə prosesində MSDM-in sədri İsa Qəmbər, Müsavat Partiyasının bir qrup fəalı, Azad Həsənovun yaxınları və jurnalistlər iştirak ediblər.

 

Azad Həsənov CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham olunur.

O, 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə 2018-ci il oktyabrın 11-də səhər saat 5 radələrində Bakıya gəlib. Elə həmin gün axşam saat 17 radələrində atasının yaşadığı Hövsan qəsəbəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə A.Həsənov onun seçki qərargahının üzvü olub.

Müsavat Partiyası bəyanat verərək, onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. Ancaq Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs edilməsinə dair iddiaları qəbul etmirlər.

 

Bastainfo.com