Alman siyasi fondlarının fəaliyyətinin bərpası üçün danışıqlar gedir

Almaniyanın Azərbaycandakı səfiri Michael Kindsgrad bildirib ki, onlar Fridrix Naumann Fondu və digər Almaniya siyasi institutlarının geri qayıtmasını istəyirlər.

Almaniyanın Azərbaycandakı səfiri illər öncə Azərbaycanı tərk etməli olmuş Fridrix Naumann Fondu və digər Almaniya siyasi institutlarının geri qayıtması üçün Azərbaycan rəsmiləri ilə danışıqlar aparıldığını bildirib.

Almaniyanın Azərbaycandakı səfiri Michael Kindsgrad çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib ki, onlar “alman siyasi fondların” Azərbaycanda öz fəaliyyətini bərpa etməsini istəyirlər: “Bu məsələ ilə bağlı hazırda Azərbaycan tərəfi ilə danışıqlar aparılır və biz çox optimistik ki, müsbət nəticələr əldə olunacaq”.

İnsan azadlıqları və demokratiyanı dəstəkləyən Fridrix Naumann Fondu 2015-ci ildə Azərbaycanı 19 illik fəaliyyətdən sonra tərk edib.

2014-cü ildə Azərbaycanda “Qrant haqqında” qanuna edilən dəyişiklərdən sonra bir sıra xarici QHT-lər, o cümlədən Fridrix Nauman Fondu ölkəni tərk etməli olmuşdu.

Michael Kindsgrad-ın sözlərinə görə, Almaniyadan may ayında XİN və digər rəsmi şəxslər Azərbaycana gələcək və onlar Azərbaycan rəsmiləri ilə siyasi məsləhətləşmələr aparacaqlar.

Səfir bildirib ki, görüşlərdə Azərbaycanda siyasi sahəyə aid bütün mövzular, o cümlədən, demokratiya və vətəndaş azadlıqları ilə bağlı Azərbaycan ictimaiyyətini narahat edən məsələlər müzakirə ediləcək. “Biz azərbaycanlı həmkarlarımızla həmişə açıq dialoq aparırıq. Bu ikitərfli münasibətlər üçün ən vacib mövzuları və bölgə üçün vacib olan siyasi məsələləri müzakirə edirik”.

Azərbaycan-Avropa İttifaqı arasında imzalanması gözlənən sazişi dəstəklədiyini deyən səfir ölkəsinin NATO ilə əməkdaşlıqda da Azərbaycanı “etibarlı tərəfdaş” kimi tanıdığını bildirib.

O, Azərbaycan və Avropa İttifaqı arasında aparılan danışıqların uğurla nəticələnəcəyini gözləyir: “Hazırda danışıqlar intensiv davam edir. Prosedur belədir ki, bu danışıqların aparılması üçün Avropa Komissiyası və Avropa Xarici Əlaqələr üzrə Təşkilata mandat verilib. Bu danışıqların proseduru barədə, sazişin aqibəti barədə məlumatı Avropa İttifaqı daha dəqiq verə bilər”.

Səfir deyib ki, sazişlə bağlı danışıqlar bitəndən sonra sənəd Avropa İttifaqının Şurasına gedəcək və Şura üzv ölkələrdən ibarətdir: “Hər halda Almaniyanın siyasi baxımdan burda dəstəyi var və əgər Avropa İttifaqı ilə Azərbaycan arasında bu saziş imzalansa, əlaqələrə yeni təkan verəcək”.

Onun sözlərinə görə, Almaniya Azərbaycanla ikitərəfli əlaqələrin genişlənməsində maraqlıdır və əməkdaşlığın inkişafı üçün yaxşı perspektiv görür.

“2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,4 milyard avro təşkil edib və bu göstəricinin gələcəkdə artacağını düşünməyə hər cür əsas var”, səfir qeyd edib.

Ötən ilin avqustunda Almaniya Kansleri Angela Merkel Azərbaycana səfər etmiş, prezident İlham Əliyev və vətəndaş cəmiyyəti üzvlərilə görüşlər keçirmişdi.

 

BBC