Bəhrəmtəpədə qazıntı işlərinə etiraz edirlər

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi sakinləri yaşayış məntəqəsi ərazisində qazıntı işi aparılmasına etiraz edirlər. Onlar bildirirlər ki, yerin təkində olan qum-çınqıl materiallarını çıxaran şirkətlər ərazidə çoxsaylı süni göl yaradıblar. Qazıntı işlərinin hazırda da davam etdiyini söyləyən sakinlər nə mal-qaralarını otarmağa yer tapa, nə də evdə rahat yaşaya bildiklərini söyləyirlər.

«Dədə-babadan bura örüş yeri olub»
Bəhrəmtəpə qəsəbəsinin sakini Qəhrəman Quliyev deyir ki, qazılan sahə örüş yeridir: «İslahatla adambaşına 30 sot pay torpağı düşüb. Orada yalnız ev heyvanları və quşları üçün yem bitkiləri yetişdiririk. Hamı qapısında mal-qara saxlayır. Dolanışacağımız bundan çıxır, başqa işimiz, gəlir yerimiz yoxdur. Heyvan saxlamaq üçün örüş lazımdır. Dədə-babadan mal-qaranı burada otarmışıq. Ümumi sahə 50 hektar idi. Onun bir hissəsini qazıblar. Son vaxtlar qalan yerləri də qazırlar».​

 

«Bizə qalan problemlərdir»

Qəsəbənin başqa sakini Bayram Mirzəyev gileylənir ki, qazıntı işləri başqa problemlər də yaradır: «Yerin təkində qum-çınqıl olduğundan işbazlar bura daraşıblar. Ekskavatorla yeri qazıb, sərvəti maşınlara yükləyərək daşıyırlar. Bundan bir neçə adam fayda görür. Bizə qalan bu süni gölün problemləridir. Həyətlərimizdə quyular quruyub, ağaclar yanıb, torpaqlarımız münbitliyini itirir. Yük maşınlarının qaldırdığı tozdan qapı-bacada otura bilmirik. Maşınların uğultulusu bizi yatmağa qoymur».

«Şikayət edəndə bizi polislə hədələyirlər»

Sakin Eynulla Hüseynov iddia edir ki, qazıntı işi aparan şirkətlər yerin təkini qanunsuz istismar edirlər:

​«Biz hansından soruşuruqsa, deyirlər, icazəni bələdiyyə sədri verib. Təbii ki, onun bu işdə şəxsi marağı var. Amma yer təkinin istismarı ilə bağlı bütün aidiyyəti dövlət orqanlarının icazəsi olmalıdır. Siz maraqlanın, görün şirkətlərdən hansısa birinin əlində bu işi görməyə hüquq verən sənədləri varmı, vergi ödəyirmi? Bu barədə şikayət edirik, bizi polislə hədələyirlər».

Sakinlər iddia edirlər ki, süni yaradılan göldə keçən il iki uşaq ölüb. Onlar həmçinin, ərazidə 300-dən artıq ağacın kəsildiyini deyirlər.

Rəsmilərin mövqeyi…
İmişli Rayon İcra Hakimiyyəti başçısının Bəhrəmtəpə qəsəbəsi üzrə nümayəndəsi Rəfail Həsənov bildirir ki, qazıntı işi aparılan yer örüş sahəsi deyil: «Həmin ərazi faydalı qazıntılar üçün dövlət ehtiyat fondunda saxlanılıb. Torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ yoxdur ki, onu da sata bilsin. Mən maraqlanmışam, bu işi görən şirkətlərin sənədləri qaydasındadır. Yerli qurumlardan əlavə, Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri də yerlərdə monitorinq keçirirlər».​

Bəhrəmtəpə bələdiyyəsinin sədri İman İbrahimov da eyni fikirdədir. Amma o vurğulayır ki, şirkətlərdən yalnız biri yerli büdcəyə mədən vergisi ödəyir.

İmişli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mirzə Quliyev isə qazıntı işlərinin dayandırılacağını söyləyir: «Sakinlərin bir qrupu icra hakimiyyətində də qəbul edilərək şikayətləri dinlənilib. Biz araşdıranda gördük ki, şirkətlərin fəaliyyətində qanunsuzluq yoxdur. Amma əhalinin narazılığı nəzərə alınaraq həmin ərazidə qazıntı işlərinin dayandırılmasına göstəriş verilib. Əgər kimsə bu göstərişə əməl etməyibsə, əlavə tədbir görüləcək».

Amma bütün bu deyilənlərə, hələlik, ərazidə fəaliyyət göstərən şirkətlərin özündən münasibət almaq mümkün olmayıb. Onların da mövqeyini verməyə hazırıq.

 

Azadlıq Radiosu