Albert Aqarunov – 50: Milli Qəhrəmanın məzarı ziyarət edildi

Bu gün Milli Qəhrəman, əfsanəvi tankçı, Şuşanın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuş Albert Aqarunovun 50 yaşı tamam olacaqdı.

Bununla əlaqədar Şəhidlər Xiyabanında Albertin məzarını ziyarət edilib. Ziyarət tədbirində Albertin qardaşı Rantik Aqarunov da daxil olmaqla, onun qohumları, MSDM-in sədri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı və partiyanın bir qrup fəalı, Albertin əsgər yoldaşları, o cümlədən “Basta” saytının baş redaktoru Mustafa Hacıbəyli, İsrail səfirliyinin, Müdafiə Nazirliyinin və Şuşa icra hakimiyyətinin təmsilçiləri iştirak ediblər.

Ziyarətçilər məzarın üzərinə gül dəstələri qoyub, Albert haqqında və şəhidlərimiz haqqında ürək sözlərini deyib, şəhidlərin ruhuna dualar oxuyublar.

Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. 

Qarabağ müharibəsi başlayarkən, Aqarunov könüllü olaraq cəbhəyə gedib.  

Tank komandiri olan Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. 

Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Basata2.com