Azərbaycana xarici sərmayələr 68 faiz azalıb – Ekspert

Nemət Əliyev, iqtisadçı-ekspert

Xarici sərmayələr 68% azalıb. Xarici investorlar başını götürüb getməkdə davam edir…

Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyev yenə də ölkəmizdə biznes mühitinin yaxşılaşmasından, sərmayə qoyuluşu üçün daha yaxşı şərait yaradılmasından danışıb. Dövlət başçısı, hətta ölkəmizə xaricdən investisiya, sərmayə qoymaq istəyənlərin çoxalmasını, Çinin iri şirkətlərinin Azərbaycana sərmayə qoymaq üçün böyük maraq göstərmələrini də deyib… Doğrudanmı belədir?

Açıqlanan rəsmi məlumatlara görə xarici sərmayələrin 3 aylıq həcmi 2018-ci ildə 816 milyon dollar, 2019-cu ildə 519 milyon dollar olub. Deməli, xarici sərmayələr bir ildə 36,4 faiz və ya 297 milyon dollar azalıb.

Xarici sərmayələrin son 5 illik dinamikası isə göstərir ki, əcnəbi investorlar ölkəmizə sərmayə qoyuluşunu bir qayda olaraq azaltmaqda davam ediblər. 2015-ci ilin yanvar-mart dövründə ölkəmizə 1,6 milyard dollar sərmayə yatıran xarici investorlar bu göstəricini 2016-cı ildə 1,243 milyard dollara, 2017-ci ildə 1,177 milyard dollara, 2018-ci ildə 816 milyon dollara və nəhayət 2019-cu ildə 519 milyon dollara qədər azaldıb. Göründüyü kimi, xarici investorlar son 4 ildə Azərbaycana sərmayələri 68% azaldıb.

Bu müqayisələrdən çıxan nəticə odur ki, xarici sərmayə qoyuluşu sahəsində vəziyyət o dərəcədə bərbaddır ki, hətta Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan adının 25-ci yerə yazılması, yaxud da dil pəhləvanlarının dediyi kimi, “32 pillə irəliləyərək ən islahatçı 10 ölkə sırasında yer almağımız” da xarici investorların ölkəmizə olan neqativ münasibətini dəyişə bilməyib.

Çinin iri şirkətrlərinin ölkəmizə maraq göstərməsi məsələsinə gəlincə, deməliyəm ki, bu ilin yanvar-mart dövründə xarici investisiyaların 91%-i (471 milyon dolları) Birləşmiş Krallıq, Türkiyə, İsveçrə, ABŞ, Malayziya, Yaponiya, Çexiya, İran, Rusiya və Norveç sərmayədarlarına məxsus olub. Çinin bu onluq sıralamada yeri yoxdur. Odur ki, Çin sərmayədarları Azərbaycana sərmayə qoyuşunda iştirak edirsə də, onun iştirak payı elə də diqqət çəkən səviyyədə deyil. Deməli, Neft Fondunun 2015-ci ildə Çinin istiqraz bazarlarına 500 milyon dollar həcmində yatırım eləməsi də çinli investorlarda Azərbaycana ciddi maraq yarada bilməyib.

Beləliklə, bir daha təsdiqlənir ki, halva-halva deməklə ağız şirin olmur. Bilmək lazımdır ki, ölkənin sosial-iqtisadi mənzərəsinə yaxından bələd olan xarici sərmayədarlar şifahi sözə deyil, əməli fəaliyyətə, real şəraitə istinad edirlər. Heç şübhə etmirəm, sizlər də etməyin ki, hazırkı qeyri-adekvat, üzücü şərait dəyişən kimi xarici sərmayədarlar ölkəmizə üz tutacaqlar. Bundan ötrü gerçək və köklü islahatlara ehtiyac var.

 

Yazı Nemət Əliyevin feysbuk səhifəsindən götürülüb.

Basta2.com