Fuad Qərəmanlının qızını döyən şəxs inzibati həbslə canını qurtardı

Bakı Apellyasiya Məhkəməsi dünən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanının 15 yaşlı qızını döyən Tural Qarayevin inzibati həbsi haqqında qərarı qüvvədə saxlayıb.

Qızın valideynləri məhkəmənin qərarı ilə razı deyillər və hesab edirlər ki, Qarayev barəsində yüngül hökm çıxarılıb. Onlar Qarayevin cinayət məsuliyyətinə cəlb edilməsində israr edirlər.

AXCP-nin sədr müavinin qızı aprelin 17-də metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında hücuma məruz qalıb. Qarayev onun üzünə vurub və təhqir edib, yeniyetmənin valideynlərini Azərbaycanın düşmənlərinə işləməkdə ittiham edib.

Hücum edən şəxs hakim Yeni Azərbaycan Partiyasının fəaldır. Sosial şəbəkələrdə etirazlardan sonra Qarayev saxlanılıb və aprelin 18-də məhkəmə onu “kiçik xuliqanlığa” görə 15 gün müddətinə həbs edib.

Valideynlər bu cəzanın yüngül olduğunu və bunda planlaşdırılmış təxribat olduğunu düşünüblər. Onlar apellyasiya şikayəti veriblər və məhkəmədən işi obyektiv araşdırmağı və hüquq-mühafizə orqanlarına cinayət işi qaldırmağı tapşırmağı xahiş ediblər. Amma prosesdə Tural Qarayev nəinki təqsirini boynuna almayıb, əksinə, törətdiyi zorakılığa haqq qazandırıb.

“Onlar satqındırlar, dövlətçiliyə qarşı çıxırlar, ölkəmizi yıxmağa çalışırlar. Mən isə prezidentimin və vitse-prezidentimin sadiq əagəriyəm. Bununla fəxr edirəm”, deyə Qarayev bildirib.

Müdafiə tərəfi iki videogörüntünü izləmək və onları işə qoşmaq barədə vəsatət qaldırıb. Videolardan birində hadisənin kadrları əksini tapıb. Digərində Qarayev yeniyetməyə qarşı güc tətbiq etdiyini etiraf edir və buna “onun da atası kimi xarici xüsusi xidmətlərə işləməsi” ilə bəraət qazandırır.

Məhkəmə şikayəti təmin etməyib.

Valideynlər Avropa İnsan Hüquqları Məhkəməsinə, habelə hüquq-mühafizə orqanlarına cinayət işi başlanması üçün müraciət etmək niyyətindədirlər. Ekspertlər hesab edirlər ki, polis Qarayevin əməllərini “kiçik xuliqanlıq” olaraq yanlış tövsif edib. Bu halda cinayət əlamətləri var, belə ki, xuliqanlıq əməlləri təhdid və zorakılıqla, həmçinin sağlamlığa qəsdən zərər vermə ilə müşaiyət olunub. Zorakılığın yeniyetməyə qarşı törədilməsi cinayəti ağırlaşdırır.