Jurnalist polis zorakılığı ilə üzləşdi

Jurnalist Sevinc Vaqifqızı peşə fəaliyyətini yerinə yetirərkən polis zorakılığına məruz qalıb. Bu barədə o, öz facebook səhifəsində bildirib:

“Heydər Əliyev adına İdman Kompleksində birinci vitse-prezident Mehriban Əliyevanın qəbuluna düşə bilməyən vətəndaşları canlı yayımla çəkirdim. Mülki geyimli polis arxadan gəlib telefonu əlimdən aldı, iki polis də qucağına alıb mülkü maşına oturtdu. Canlı yayımı silməyimi istədilər, silmədim. Bir saat məni maşında saxladılar. Dedilər, telefonu format edəcəyik onsuz da, dedim eləyin, silmirəm. Başları çıxmadı, haray-həşirdən sonra telefonu qaytarıb özümə verdilər.”

Sevinc xanımın sözlərinə görə onun digər əşyaları qəbula gələnlərdən birinin yanında qalıbmış. Polis qadından əşyaları tələb etsə də o, onları polisə verməyib, gətirib maşının içində jurnalistin özünə təhvil verib. Sonra maşında həm jurnalisti, həm də polisin öpərək şirin ləhcə ilə polislərdən xahiş edib ki, jurnalist xanıma yaxşı davransınlar, çünki, o, şikayətçilərin problemlərini işıqlandırır. 

S. Vaqifqızının qeyd etdiyinə görə polis sonra da onun işini davam etdirməyə imkan verməyib və maşınla gətirib “20 yanvar” metro stansiyası yaxınlığında düşürüb.

A. İsmayıl

Bastainfo.com