“467 min nəfər ünvanlı sosial yardımdan məhrum edilib” – Nemət Əliyev

467 min nəfər üzvü olan 117 min aztəminatlı ailə Ünvanlı Dövlət Sosial Yardımı almaqdan məhrum edilib.  Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına istinadən iqtisadçı Nemət Əliyev məlumat yayıb.

“Ünvanlı yardım alanların siyahısını ucdantutma doğrayıb töküblər. 2018-ci ilin sonuna olan vəziyyətə görə dövlət büdcəsinin vəsaitləri hesabına Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) alan ailələrin sayı 42,7 minə (ailə üzvlərinin sayı ≈171 min⁡ nəfərə) düşüb”, – deyə, Nemət Əliyev özünün feysbuk səhifəsində yazıb. 

İqtisadçı qeyd edib ki, Nazirliyin yaydığı başqa bir məlumata görə ünvanlı yardım alan aztəminatlı ailələrin sayı 2017-ci ilin sonuna olan vəziyyətə görə 80 min (320 min nəfər ailə üzvü), 2016-cı ilin sonuna olan vəziyyət görə isə 159,5 min (638 min nəfər ailə üzvü) olub.

Nemət Əliyev azalmanın təfərrüatını göstərib və sosial müdafiəyə və sosial təminata daha çox ehtiyacı olan insanlara hökumətin bu cür münasibət göstərməsinin yolverilməz olduğunu bildirib:

На данном изображении может находиться: Nemat Aliyev, костюм“Beləliklə, son 1 ildə 149 min nəfərin (37 min ailənin), son 2 ildə isə 467 min nəfərin (117 min ailənin) yardımı kəsilib. Aztəminatlı ailələrin sosial yardımlardan məhrum edilməsi hesabına hökumət son 1 ildə 102 milyon manat (49%) büdcə vəsaitinə “qənaət edib”. Yəqin, bunu da islahatlar siyahısına aid ediblər. 

Yardım almaqdan məhrum edilənlərin sırasında bir sıra təsadüfi, fürsətçil insanların olmasını istisna etməsəm də, onların tam əksəriyyətinin bu gün də aztəminatlı səviyyədə qalmalarına, ehtiyac içərisində yaşamalarına heç bir şübhəm yoxdur. Ötən dövrdə bahalaşma fonunda alıcılıq qabiliyyətinin zəifləməsi, ölkə iqtisadiyyatına sərmayələrin azalması, yerli istehsalın düşməsi, əhali gəlirlərinin azalması və sair kimi hallar belə qənaətə gəlməyə əsaslar verir. İqtisadi göstəricilərin pisləşdiyi bir şəraitdə yarım milyona yaxın aztəminatlı insanın sosial-maliyyə vəziyyətinin yaxşılaşmasına iddia eləmək, həqiqətən də, çox gülünc olardı. Mayın 2-də ölkənin I vitse-prezidentinin qəbuluna gələn şikayətçilərin sayının həddən ziyadə çox olması və onların kameralar qarşısında çəkinmədən cəsarətli çıxışlar edərək öz problemlərini dilə gətirmələri də dürüst nəticələr çıxarılması baxımından ibrətamiz sayıla bilər.

Sosial müdafiəyə və sosial təminata daha çox ehtiyacı olan insanlara hökumətin bu cür münasibət göstərməsi yolverilməzdir. Pensiya yaş həddinin artırılması hesabına yalnız 2018-ci il ərzində 21 min insanın pensiya təminatından məhrum edilməsini və bu ilin əvvəlindən başlayaraq muzdla çalışan işçilərin sıra sayının azalmasını da buraya əlavə etsək, sosial vəziyyəti ağırlaşmış insan ordusunun belə sürətlə böyüməsi ümidverici perspektiv vəd eləmir”.

 

Basta2.com