İstanbulda seçkinin nəticələri ləğv edildi

Bu gün Türkiyədə Yüksək Seçim Kurulu (YSK) İstanbulda keçirilən bələdiyyə seçkilərinin nəticələrinin ləğv olunması haqqında qərar qəbul edib.

11 YSK üzvündən 7-si AKP-nin tələbinin təmin olunması üçün səs verib. Qərara görə, təkrar seçkilər iyunun 23-də olacaq.  

YSK-nin binası önündə bu gün axşam saatlarından başlayaraq təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, seçkilərdə ana müxalifət partiyası olan CHP-nin namizədi Əkrəm İmamoğlu qalib gəlib. Bir sıra məntəqələrdə səslərin təkrar sayılması da nəticəni dəyişməyib. Bundan sonra AKP səsvermə hüququ olmayan 46 447 seçicinin qanunsuz olaraq seçici siyahısına salındığını iddia edərək, seçkinin nəticələrinin ləğv olunmasını tələb edib. Seçki komissiyaları AKP-nin tam nəzarətində olub. Seçici siyahılarının formalaşması da hakimiyyətin nəzarətində olan dövlət qurumlarının səlahiyyətindədir. 

AKP seçki saxtakarlığına dair hər hansı sübut ortaya qoya bilməyib. YSK öz qərarını “seçki komissiyaları formalaşarkən baş vermiş qanunsuzluq”la əsaslandırıb. 

Qərar yalnız İstanbul Böyük Şəhər Bələdiyyəsinə aid edilib, əksəriyyətində AKP-nin qalib gəldiyi ilçə bələdiyyələrinə isə şamil olunmayıb.  Bu, qərarın ədalətsiz olduğunun və müxalifətə qarşı yönəldiyinin daha bir isbatıdır.

Müşahidəçilər hesab edir ki, İstanbulda keçirilən seçkilərdə hər hansı pozuntu olubsa, bu, hakim partiyanın namizədi Binəli Yıldırımın xeyrinə olub.

Türkiyə mətbuatının yazdığına görə, təkrar seçki Ərdoğan iqtidarının daha böyük məğlubiyyətlə üzləşməsinəsəsbəb ola bilər. Sorguların nəticələrinə görə, CHP təkrar seçkidə səsini təqribən 7 faiz artıracaq.

YSK-nın qərarı açıqlanan an İmamoğlu İstanbulda dostlarından birinin evində iftar süfrəsi arxasında olub. “Hər şey çox gözəl olacaq” – deyə, İmamoğlu seçicilərinə səslənib:

 

Basta