Arif Hacılı: “Dövləti uğurla idarə etməyə qadir olan müxalifət var”

Azərbaycanda demokratik inkişaf, açıq, azad cəmiyyətin qurulması labüddür və yalnız zaman məsələsidir.

Bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

“İllərlə apardığımız mübarizə nəticəsində Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu həyati zərurətə çevrilib. Azərbaycanda strukturlaşmış, ardıcıl, prinsipial, cəmiyyət arasında hakimiyyətə gəlmək üçün yetərli nüfuza malik, başlıcası isə dövlət idarəçiliyini uğurla həyata keçirməyə qadir olan müxalifət var” – deyə, Arif Hacılı bildirib. 

Müsavat başqanı onu da qeyd edib ki,  Azərbaycan cəmiyyətinin avtoritar rejimi dəyişmək uğrunda mübarizədə müqavimət gücü yetərli deyil. 

“Dövlət resurslarından öz hakimiyyətini qorumaq üçün istifadə edən, qeyri-məhdud maliyyə resurslarını bu məqsədə yönəldən, komplekssiz hakimiyyət cəmiyyəti hələlik nəzarət altında saxlaya bilir. Biz bu illər ərzində istəyimizə nail olmamışıq. Azərbaycanda hüquqi dövlət, azad cəmiyyət qura bilməmişik. Amma, bu qeyri-bərabər döyüşdə hakimiyyət də qalib gəlməyib. Cəmiyyətin müqaviməti onların istədiyi kimi tamamilə qırılmayıb, demokratik institutlar tam məhv edilməyib. Biz istiqlalın, demokratik, dünyəvi dövlət quruluşunun alternativsizliyini ictimai şüura yeridə bilmişik. Minlərlə müsavatçının, cəbhəçinin, sivil toplum nümayəndəsinin, azad jurnalistin, ayrı-ayrı siyasi fəalların fədakar mübarizəsinin nəticəsidir ki, indi Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu, ərazi bütövlüyü kimi məsələlər həyati zərurətə çevrilib. İllərlə apardığımız mübarizə hədər getməyib. Azərbaycan cəmiyyəti strukturlaşıb, demokratik düşüncəyə sahib olub, öz haqqları uğrunda mübarizənin vacibliyini dərk edib. İndi Azərbaycanda demokratik inkişaf, açıq, azad cəmiyyətin qurulması labüddür və yalnız zaman məsələsidir” – deyə, Arif Hacılı vurğulayıb.

Basta